Dünyanın akademik çevrəsi İbadoğlu ilə bağlı COP29-un prezidentinə çağırış edib
22-11-2024 00:43 / Bu xəbər 499 dəfə oxundu
28 ölkənin 100 universitetini təmsil edən 159 professor və müəllim alimin dərhal azad edilməsini istəyir
Dünyanın 28 ölkəsinin 100 universitetini təmsil edən 159 professor və müəllimdən ibarət koalisiya Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevə məktublar müraciət edib.
Onlar 2023-cü ilin iyulundan qeyri-müəyyən müddətə ev dustaqlığında olan alim iqtisadçı Qubad İbadoğlunun azadlığa buraxılmasını istəyiblər.
Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi etdiyi bir vaxtda göndərilən məktubda doktor Qubad İbadoğlunun kritik səhhətinə və onun korrupsiya ilə mübarizəyə və qalıq yanacaq sənayesində şəffaflığın təşviqinə verdiyi töhfələrə istinad edərək təcili tədbirlər görülməsinə çağırılır.
Alimlər Qubad İbadoğlunun səhhətinin pisləşməsi, o cümlədən şəkərli diabet və ciddi ürək və böyrək problemləri, həbsdə olduğu müddətdə qeyri-adekvat tibbi xidmət göstərilməsindən narahat olduqlarını bildiriblər.
Müraciəti imzalayanlar Qubad İbadoğluna qarşı ittihamların şəffaf şəkildə nəzərdən keçirilməsini, tibbi xidmətə çıxışın yaxşılaşdırılmasını və onun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib.
O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.
Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Qubad İbadoğlu ittihamları saxta adlandırıb.
2024-cü il aprelin 22-də onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Qubad İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib.
Ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.