Dövlət babadır, başçı da Allah...

Dövlət babadır, başçı da Allah...

23-03-2022 02:37 / Bu xəbər 4317 dəfə oxundu

Arqument.az gənc yazar Nəriman Abdullanın şeirini təqdim edir:

Onlar yazacaq tənqidi çox, sənsə şeir az,
Onlar tikəcək başdaşılar,sənsə qəbir qaz.
Fürsət var ikən Allaha bir cümlə, sətir yaz,
Allah unudar, olmayacaq vaxt nə də həlli,
Allah tapır insan ilə qəddarca təsəlli.

Allah ilə yoxdur işim, insanladır əlbət,
İnsan isə Allahdan ibarətdi, müsibət!
Bir parça-tikə ruhla bəzənmiş bu bədən,ət,
Sevgiylə küsüb qanla barışmış iki əlli,
Allah tapır insan ilə qəddarca təsəlli.

Çöl Məcnuna evdir, ev olub Leyliyə zindan,
Dünya bizə evdir, oluruq aləmə ziyan
Üç-beş yalan olmuşsa həqiqət deyə pünhan,
Mütləq nə yalan var, nə də bir doğru əməlli,
Allah tapır insan ilə qəddarca təsəlli.

Tapmaq deyirik imana, tapsaq, olacaq nə ?
Tapdıq deyək Allahı da, ləzzətdi bəhanə,
Cənnət əgər olsaydı da, min huri, şəhanə,
"Otkaz" eliyərdim, oxu Allahu-məsəlli,
Allah tapır insan ilə qəddarca təsəlli. 

Dövran elədir ki, kapital, burjua Allah,
Təəssüf, deyirik işçiyə xar, quldura Allah,
Haqq susdusa, heç duymur, eşitmir dua Allah,
Axtar elə gör basmağa cib varmı, yüz, əlli ?
Allah tapır insan ilə qəddarca təsəlli. 

Dövlət babadır, başçı da Allah, o deyər düz,
Torpaq anadır, uğruna öl, torpağa qan süz,
İşçiylə hüquqdan danışan vaxtda dodaq büz,
Sən söylə, danış xalqa nağıllar, qaravəlli,
Allah tapır insan ilə qəddarca təsəlli. 

Allah nə böyük, hər şeyə qadir və qərarlı,
Sərhəd nədi bilməz nə böyük güc və yararlı
Azadlığa düşkün, buna simvol, bu şüarlı,
İnsan,Nəriman,Allaha təslimdi təməlli,
Allah tapır insan ilə qəddarca təsəlli.