Dövlət büdcəsinə dəyişiklik edilə bilər

Dövlət büdcəsinə dəyişiklik edilə bilər

07-04-2020 20:19 / Bu xəbər 898 dəfə oxundu

Hesablama Palata dövlət büdcəsi haqqında qanuna yenidən baxılmasını zəruri sayır.

Bu barədə "Turan" agentliyinə qurumdan bildirilib.

Məlumata görə, Hesablama Palata məsələ ilə bağlı təklifləri həftənin sonuna qədər Nazirlər Kabinetinə təqdim etməyi planlaşdırır.

Qurumdan buna bir neçə səbəb göstərilir: "Bu il pandemiyanın (yeni koronavirusun) sürətlə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan qadağa tədbirlərinin sərtləşdirilməsi və kütləviləşdirilməsi iqtisadi artımın, eləcə də büdcəyə daxil olması planlaşdırılmış qeyri-neft sahələri üzrə vergi gəlirlərinin azalmasına səbəb olacaq. Pandemiya ilə mübarizə istiqamətində atılan addımlar artıq büdcə xərclərinin strukturunun dəyişməsinə səbəb olacaq…".

Qurumdan habelə vurğulanıb ki, bu prosesdə neft sahələrindən gəlirlər, həmçinin, əmlak və torpaq vergisi istisna olmaqla digər vergi növləri üzrə proqnoz göstəricilərin yenidən hesablanması vacibdir: "Bu zaman zərərçəkən və gəlirləri artan sahələrin mütləq qaydada nəzərə alınması lazımdır. Gəlir imkanlarının məhdudlaşması və xərclərin artımı "Büdcə sistemi haqqında" Qanunda nəzərdə tutulmuş büdcə qaydasının tətbiqinin də müvəqqəti olaraq dayandırılması məsələsini aktuallaşdırır… ".

"Cari xərclərin artımının davamlı xarakter daşıyacağı şübhəsizdir"

Palatadan o da bildirilib ki, cari xərclərin artımının davamlı xarakter daşıyacağı şübhəsizdir: "Xüsusilə də büdcə sektorunda çalışan işçilərin maliyyələşdirilməsi davam edəcək. Dövlət büdcəsinə yenidən baxılan zaman cari xərclərin həcminin bu ilin birinci rübü səviyyəsində saxlanılmasına da diqqət yetirməliyik. İnvestisiya xərclərinin daxili borclanma hesabına icra edilməsi, əsaslı xərclərin yalnız məşğulluğu davamlı olaraq təmin edəcək (zavod, fabrik və sair) layihələrin maliyyələşdirilməsinə yönəldilməsi və həmçinin, vəsaitlərdən səmərəli istifadənin qabarıq şəkildə təbliği cari şərtlərdə aktualdır. Çünki hazırkı şəraitdə iqtisadi artım və məşğulluq balansı büdcə modelinin gələcəyi hesab edilir".

"Xərc istiqamətlərinin sərt qənaət prinsipləri ilə icrası"

Qurumdan daha sonra da bunlar bildirilib: "Prezident İlham Əliyev tərəfindən büdcə xərclərinə yenidən baxılması istiqamətləri konkret olaraq səsləndirilib. Ölkə başçısının göstərişlərinin yerinə yetirilməsi investisiya xərclərinin prioritet istiqamətlər saxlanmaqla azaldılması, strukturunun dəyişməsi və büdcə təşkilatlarının "evdə qal" prinsipindən "qənaətlə xərclə" prinsipinə keçirilməsini nəzərdə tutur. Eyni zamanda, bütün xərc istiqamətlərinin sərt qənaət prinsipləri ilə icrası bir zərurətdir. Düşünürük ki, minimum sosial standartlara yenidən baxılması zərurəti yaranacaq".

Qurum hesab edir ki, hazırkı şərtlər dövlət borcunun da diqqətdə saxlanılmasını tələb edir: "Fikrimizcə, xarici borcların Dövlət Neft Fondunun büdcəyə nəzərdə tutulan transfertləri hesabına ödənilməsi bu borcu daha az təhlükəli edər. Yeri gəlmişkən, Azərbaycanda dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın yeni prioritetlər və şərait nöqteyi-nəzərindən yenidən işlənilməsi, formalaşan yeni risklərin bu Strategiyada nəzərə alınması da bir zərurətə çevrilib. Ümumiyyətlə, belə bir şəraitdə dövlətin büdcə vasitəsilə iqtisadiyyata müdaxiləsi imkanlarının genişləndirilməsi gələcəkdə iqtisadi artımın təmin edilməsinə xidmət göstərəcək. Belə yanaşma Azərbaycan Prezidentinin tapşırıqlarının müvəffəqiyyətli icrasını da təmin etmək imkanlarını artırar".

Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24134500 min, xərcləri 26894700 min manat təsdiq edilib.