Dövlət büdcəsinə 11 milyon manata başa gələn filmlər 1905 manat gəlir gətirib

Dövlət büdcəsinə 11 milyon manata başa gələn filmlər 1905 manat gəlir gətirib

29-10-2022 21:43 / Bu xəbər 921 dəfə oxundu

Hesablama Palatası dövlət sifarişi ilə çəkilən filmlərlə bağlı maliyyə nöqsanları aşkarlayıb.

79 filmin çəkilməsi üçün 2020- 2021-ci illər üzrə dövlət büdcəsindən 11 milyon manat vəsait ayrılsa da, bu filmlər toplam 1905 manat gəlir gətirib. 

Bu barədə Hesablama Palatası dövlət büdcəsi hesabına çəkilən filmlərlə bağlı apardığı yoxlamaların nəticələrini açıqlayarkən bildirib. 

Sənəddə qeyd olunub ki, əldə olunan gəlir çəkilən xərclərlə müqayisəyə gəlmir.

Təhlil göstərir ki, 5 dövlət studiyasından 3-ü çəkilən filmlərlə bağlı müqavilələrin hamısına dəyişikliklər edib. C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında filmlərin 53,3%-i müqavilə çərçivəsində başa çatmayıb: "Studiyalar tərəfindən çəkilmiş filmlərin televiziya kanallarında və kinozallarda az sayda nümayiş olunması, bəzi dövlət studiyalarının festivallarda iştirak etməməsi gəlirlilik səviyyəsinin olmaması ilə nəticələnmişdir ki, bu da dövlət sifarişi ilə çəkilən filmlərin ictimai-sosial maraqlara uyğunluğu və seçim prosedurlarının natamamlılığı ilə bağlı qənaəti bir daha gücləndirir” - məlumatda deyilir.

Kinoşünas Aygün Aslanlı "Abzas Media"ya bildirib ki, gəlirin olması üçün çəkilən filmlər nümayişə çıxarılmalıdır. Azərbaycanda isə təxminən iki ilə yaxındır dövlət sifarişi ilə çəkilmiş heç bir film kinoteatrlarda nümayişə olunmur:

"O filmlərin bəziləri hələ bu il festivallara göndərilir. Yalnız bundan sonra nümayişə çıxarılacaqlar. Bu işin niyə bu qədər uzanması sualına isə dövlət şifarişini təmin və təşkil edənlər cavab verməlidir” – A.Aslanlı deyib.

Kinoşünas qeyd edir ki, dövlət sifarişi ilə çəkilən filmlərin kinoteatrlarda nümayişi məsələsi ilə Mədəniyyət Nazirliyi və Kinostudiya məşğul olur. Amma bu qurumlar büdcənin necə bölünməsi və ümumiyyətlə görülən işlərlə bağlı ictimaiyyətə heç bir məlumat vermirlər:

"Ssenariləri onlar seçirlər, istehsalata, filmlərin hansı festivallara gedəcəyinə onlar nəzarət edirlər. Biz yalnız ictimaiyyətə xəbər veriləndə bilirik ki, film haradasa göstəriləcək. Kənardan görünən mənzərə budur ki, bu il Azərbaycan kinosuna ayrılan vəsait kino istehsalatına deyil, televiziya məhsuluna, yəni seriallara sərf olunub. Ümumiyyətlə, hazırda Azərbaycanda kino sahəsinin inzibati tərəfi, nəyin necə baş verməsi barədə heç bir suala cavab verilmir” – kinoşünas əlavə edib.

Aygün Aslanlı deyir ki, hazırda festivallara gedən və mükafat alan filmlər müstəqil rejissorlara məxsusdur və onlar dövlət tərəfindən maliyyələşdirilmir. 

Kinoşünas Hesablama Palatasının filmlərin ictimai-sosial maraqlara uyğun olmamasının azgəlirliliyə səbəb olması ilə bağlı gəldiyi nəticəyə də münasibət bildirib. O deyib ki, filmlərin ictimai-sosial maraqlara uyğun olmamasını demək üçün əvvəlcə o filmləri görmək lazımdır.

"Filmlər əvvəlcə bizə çatmalıdır. Hesablama Palatası görübsə, o filmləri bizə də göstərsin. İctimaiyyət qərar verməlidir, bu filmlər onların sosial maraqlarına uyğundur, ya yox”.

Aygün Aslanlı sənədli filmlərin istehsalına ayrılan maliyyə barədə deyib ki, sözügedən filmlər televiziya kanallarında nümayiş olunur və oradan gəlirliliyin az olması normaldır: "İctimai Televiziyada nümayiş olunan sənədli filmlərdə tərəfdaşlardan biri də elə İTV-nin özüdür. Televiziya istehsalatçılardan biri kimi getdiyinə görə, orada filmlər güman ki, təmənnasız nümayiş olunur”.

Hesablama Palatasının son hesabatı barədə Mədəniyyət Nazirliyindən münasibət almaq mümkün olmayıb.