Dövlət ittihamçısı Vüqar Səfərliyə 11 il iş istədi

Dövlət ittihamçısı Vüqar Səfərliyə 11 il iş istədi

08-12-2021 01:20 / Bu xəbər 2551 dəfə oxundu

Məhkəmə istintaqı yekunlaşıb

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkiafına Dövlət Dəstəyi Fondunun 11 il icraçı direktoru olmuş Vüqar Səfərli və onunla birlikdə mühakimə olunan daha 10 nəfərin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə dövlət ittihamını müdafiə edən prokuror çıxış edib.

Prokuror Vüqar Səfərlinin 11 il azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı digər 10 nəfərdən birinə – KİVDF-nin mühasibi olmuş Təhminə Yaqubovaya 6 il şərti cəza verilməsini təklif edib. 

O, təqsirləndirilən 11 nəfər arasında yeganə qadındır. Qalan 9 nəfərdən dördünə 2 il həbs cəzası verilməsi təklif olunub. Onlar Fondun tədbirlərinin keçirildiyi restoranların icarədarlarıdır. İttihamda yazılıb ki, Fonda ayrılmış vəsaitin bir hissəsi tədbirlər zamanı qonaq sayının və qiymətlərin artıq göstərilməsi yoluyla mənimsənilib. 

İttihama əsasən, Vüqar Səfərli, müsahib Təhminə Yaqubova tədbirlərin keçirildiyi restoranları idarə edənlərlə əlbir olaraq, bu işi həyata keçirib. Bu təqsirləndirilən şəxslər həbsdə deyil. Prokuror onların məhkəmə zalından həbs olunmasını istəyib.

Digər 5 nəfər təqsirləndirilən isə Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaları inşa etmiş "Portos” MMC-nin direktoru və digər işçiləridir. Prokuror onların hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəyib. Bu 5 nəfərdən yalnız biri – Nadir Məmmədov həbsdədir. Digərləri barəsində istintaq və məhkəmə dövrü üçün başqa növ qətimkan tədbiri seçilib. Prokuror onların da məhkəmə zalından həbs olunmasını istəyib.

Dövlət ittihamçısı təklif edib ki, istintaq dövründə üzərinə həbs qoyulmuş əmlaklar müsadirə olunsun və yeyinti nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəlsin.

Təqsirləndirilən şəxslərdən Ədalət Vəliyev məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edib. 

Orada göstərilib ki, Ədalət Vəliyev və ailə üzvləri Mətbuat prospektində yerləşən, ona məxsus çoxmərtəbəli binanın dövlət nəfinə verilməsinə razıdır.

Ədalət Vəliyevin Prezidentin sabiq köməkçisi, bu cinayət işində adı keçən Əli Həsənovun bacanağı olduğu bildirilir. O həm də jurnalistlər üçün binaları inşa etmiş "Portos” MMC-nin direktoru olub.

Məhkəmə prosesi dekabrın 14-də vəkillərin çıxışıyla davam edəcək.

Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur. 

Onun və ailə üzvlərinin bir çox daşınar və daşınmaz əmlaklarına, bankda 850 min manat əmanətinin üzərinə həbs qoyulub.

11 nəfərin heç biri özünü təqsirli bilmir, ittihamda yazılanlarla razılaşmırlar.(Meydan TV)