Dövlət Komitəsi: Uşağa qarşı zorakılıq edən tərbiyəçi işdən qovulub

Dövlət Komitəsi: Uşağa qarşı zorakılıq edən tərbiyəçi işdən qovulub

19-01-2020 15:17 / Bu xəbər 752 dəfə oxundu

Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evində baş vermiş zorakılıq hadisəsi ilə bağlı məsələ Dövlət Komitəsinin nəzarətinə götürülüb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitənin verdiyi məlumata  görə, Uşaq Problemləri Şöbəsinin müdiri və psixoloqu həmin müəssisəyə baş çəkərək uşağın psixoloji vəziyyətini öyrənib və uşağa lazımi yardım göstərilib.

Komitə qeyd edib ki, bu hadisə keçən ilin dekabr ayında baş verib. 

Uşağa qarşı törətdiyi əmələ və yol verdiyi digər nöqsanlara görə müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu işdən azad olunub: "Ölkədə uşaq hüquqlarının müdafiəsi üzrə monitorinq mexanizmi yaradılıb. "Uşaq hüquqlarının həyata keçirilməsinə dair dövlət nəzarəti qaydası”nın tələblərindən irəli gələrək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adiyyatı qurumlarla birgə dövlət uşaq müəssisələrində monitorinqlər həyata keçirilir. Dövlət uşaq müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılır. Nəticələr araşdırılaraq hesabat şəklində Nazirlər Kabinetinə təqdim olunur. Həmin sənəddə adiyyatı üzrə çətinliklər və ondan çıxış yolları ilə bağlı təkliflər də öz əksini tapır”.

Dövlət Komitəsi bir daha bəyan edib ki, uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən həmin şəxslər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır.

Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və videogörüntülər yayılıb.///toplum.tv