Dövlət Muzeyində illüstrativ tender

Dövlət Muzeyində illüstrativ tender

14-06-2021 15:23 / Bu xəbər 1223 dəfə oxundu

Bir neçə gün öncə Milli Məclisdə çıxış edən maliyyə naziri Samir Şərifov Mədəniyyət nazirliyinin fəaliyyətini ciddi tənqid edib.

Nazir çıxışında kino sahəsinə dövlət büdcəsindən yetərincə vəsait ayrılsa da, bu sahədə heç bir işin görülmədiyi bildirib. 

Samir Şərifovun çıxışında Mədəniyyət Nazirliyinin konkret sahəsini nəzərdə tutsa da, səthi müşahidələr onu göstərir ki, bu qurumun bütün sahələrində ciddi maxinasiya halları mövcuddur. 
 
Qlobal.az xəbər verir ki, nazirliyin tabeliyində olan təşkilatların sifarişçi olduqları dövlət satınalmalarının əksəriyyəti "otkad" formasında həyata keçirildiyi deyilir. 

DTX-nin 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı iş üzrə dindirilən podratçı təşkilatlardan birinin, Piramida.FR MMC-nin rəhbəri Əlövsət Orucov tenderdə qalib olduğu üçün nazirliyə 900 min manat "şapka" verdiyini bildiririb. 
 

Anar Kərimov, mədəniyyət naziri

Son zamanlar Mədəniyyət nazirliyinin rəhbərliyində dəyişikliklər aparılsa da, qurumun tabeliyində fəaliyyət göstərən bəzi təşkilatların sifarişçi olduqları satınalmalarda şübhəli məqamlar hələ də qalmaqdadır.
 
Bu cür şübhəli satınalmalardan biri də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin sifarişi ilə cari ilin may ayının 20-də həyata keçirilib. Belə ki, Dövlət İncəsənət Muzeyinin sifarişçi olduğu "müxtəlif rəngli boya" lotu üzrə yekun vurulan tenderin məbləği 44.450 manat təşkil edib. 
 
Sözügedən satınalmada "Kini Group" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. 
 
2 manatlıq şirkətlə 44.500 manatlıq müqavilə
 
"Kini Group" MMC 2021-ci ilin fevral ayının 17-də təsis edilib. Şirkətin nizamnamə kapitalı 2 manatdır. Şirkətin hüquqi ünvanı Xətai rayonu, Elçin Əliyev ev 4 mənzil 0, qanuni təmsilçisi isə Quliyev Hikmət Nuru oğludur. 
 
Şirkətin hansı profil üzrə fəaliyyət göstərdiyi, əlaqə telefonu, faktiki ünvanı barədə məlumatlar yoxdur. 
 
"Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
 
Belə olan təqdirdə, yəni maddi-texniki bazası, podratçı qismində iştirak etmək üçün hansı lisenziya və sertifikatlara sahib olması barədə məlumat verilməyən, yalnız 2 manat nizamnamə kapitalından ibarət olduğu görünən "Kini Group" MMC-nin hansı meyarlara əsasən R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin "müxtəlif rəngli boya" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan edilməsi bir sıra sualları meydana çıxarır. 

Çingiz Fərzəliyev, Milli İncəsənət Muzeyinin direktoru

Maraqlıdır ki, Muzeylə şirkət arasında bağlanan müqavilə üzrə alınacaq malların, həcmi, istehsal tarixi, istehsal olunduğu ölkə və digər detalları barədə açıqlama verilmir. 
 
Azərbaycan Milli İncəsənət Muzeyi rəssam Rüstəm Mustafayevin adını daşıyır.
 
2011-ci ildə Nazirlər Kabinetinin qərarı ilə  Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə Milli Muzey statusu verilib.
 
Muzeyin direktoru əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevdir.