Dövlət qurumları dövlətin əmlakına qənim kəsilib" - Ekspert
10-08-2016 12:05 / Bu xəbər 2072 dəfə oxundu
Qurumlar borc içində, qurum rəhbərləri pul bolluğunda
Azərbaycanda şəffaflıq, hesabatlılıq anlayışları çoxdandır itkin düşüb. Hətta Hesablama Palatasının hesabatları da göstərir ki, dövlət qurumlarının hamısında mənimsəmə, vəzifədən sui-istifadə halları mövcuddur. Üstəlik, dövlət qurumlarına rəhbərlik edən şəxslər oliqarxa çevrilib, əlləri milyonlarla oynayır. Bu qurumlar həm dövlətdən külli miqdarda pul alırlar, həm heç bir əsas göstərmədən tarifləri qaldırırlar, həm də dövlət zəmanəti ilə xarici banklardan kredit götürürlər.
Bəli, bu qədər vəsait toplanır, amma nə normal xidmət var, nə də pulların taleyi məlum deyil.
Iqtisadçı ekspert Rövşən Ağayev bu məsələ ətrafında ciddi müzakirə açıb və mühüm məqamlara toxunub. Ekspert təklif edir ki, "Azərsu”, "Azərişıq” və "Azəriqaz” kimi şirkətlərin öndə olan 50 vəzifəli şəxsinin əmlakı cəmiyyət üçün açıqlanmalıdır: "2007-ci ildə enerji qiyməti 2 qəpik idi, gözlənilmədən 6 qəpiyə qaldırdılar. Arqumentləri də bu oldu ki, şirkətin büdcədən asılılığı azalsın. Ancaq 2007-2015-ci illərdə ”Azərişıq” dövlət büdcəsindən 2 milyard yarım dollar vəsait aldı. Eyni durum "Azərsu” ASC-də də yaşandı. Qurum 2009-2015-ci illərdə büdcədən 2 milyard dollardan çox vəsait aldı. Bundan əlavə, ötən 7-8 ildə dövlət zəmanəti ilə hər iki qurum milyonlarla dollar kredit alıblar. Bir daha deyirəm, tarifləri 50 qəpik, yaxud 1 manat da etmək olar. Ancaq əhali verdiyi pulun şirkətin xərclərini ödəyib-ödəmədiyini bilməlidir. Və bu şirkətlər əhalinin büdcədəki vəsaitlərinə göz dikməməlidir. Bilirsiniz, idarəetmə dəyişməyənə qədər tariflərin artırılması yalnız əhali üçün yük olacaq”- deyə Rövşən Ağayev bildirir.
Vəziyyət acınacaqlıdır, dövlət qurumları dövlətin əmlakına qənim kəsilib. Işığın, suyun qiyməti niyə qaldırılmalıdır? Bu qədər vəsait qazanan qurumların niyə xarici borc öhdəliyi yaranır? Büdcədən milyardlarla vəsait ayırılırsa, "Azərsu”, "Azərişıq” və digər qurumlar niyə dilənçilik edir?
Rövşən Ağayev çox mühüm məqama toxunur ki, 50 vəzifəlinin əmlakı cəmiyyət üçün açıqlansın. Əgər bu qurumlar zərərlə işləyirsə, əgər borc götürməyə məcburdursa, o zaman qurum rəhbərləri dəbdəbəli villaları, bahalı avtomobilləri hansı vəsaitlə alırlar? Dövlət qurumuna rəhbərlik edən şəxslər maaşla yaşayırlarsa, bu qədər obyektlər necə əldə edilib?
Belə çıxır ki, əhalidən yığılan, büdcədən ayrılan, xaricdən borc kimi götürülən vəsaitlər təyinatı üzrə xərclənmir, korrupsiyanın qurbanı olur və nəticədə bütün boşluqlar xalqın cibi hesabına doldurulur.
Hökumət komandası təbliğat aparır ki, islahat gedir, şəffaflıq təmin olunancaq, maliyyə nəzarəti həyata keçiriləcək və s. O zaman milyonların dövr elədiyi bu qurumların fəaliyyəti şəffaf şəkildə araşdırılsın. Xalq da bilsin ki, qiymət artımına niyə zərurət yaranıb, bu qədər vəsait hansı məqsədlərlə xərclənib?
Fakt budur ki, bu ölkədə istənilən qurumun rəhbəri həmin qurumu şəxsi təsərrüfatına çevirib. Hesab edirlər ki, bu qurumlar onların atalarından qalıb, heç kimə hesabat vermədən dövlət əmlakını talan etmək olar.
Bəli, ölkənin bu qədər fəlakətli duruma düşməsi, büdcənin boşalması, sosial vəziyyətin gündən-günə pisləşməsi yarıtmaz idarəçiliyin, qeyri-şəffaflığın və korrupsiyanın nəticəsidir.(azadliq.info)
Arqument.Az