Dövlət qurumu "Teknofest"ə 842 min manat pul xərcləyib

Dövlət qurumu

07-06-2022 15:02 / Bu xəbər 1293 dəfə oxundu

Dövlət Radiotezliklər İdarəsi (DRİ) Bakıda keçirilən "Teknofest" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təqribən 850 min manat vəsait xərcləyib.

Bu barədə Dövlət elektron satınalmalar portalında yerləşdirilən məlumatda bildirilir. 

Qeyd olunur ki, DRİ "Teknofest"lə bağlı keçirdiyi üç tenderin nəticəsini açıqlayıb.

DRİ "City Look" şəhər görüntü sahəsində müxtəlif bannerlər və printlərin çapı və icarəsi, hava limanı ərazisində reklamın yerləşdirilməsi, məkan üçün nəzərdə tutulmuş bannerlər və çaplar, həştəq (dəmir) istehsalı üzrə xidmətlərin alınması üzrə "ADPOİNT” MMC ilə 306,8 min manatlıq müqavilə imzalayıb. 

Qurum "TakeOff" sammitinin təşkili üzrə "Caspian Event Organisers” MMC-yə 306 min manat, yarış və tədbir təşkilatçıları, könüllülər və digər heyət üçün ketrinq xidmətlərinə görə isə "Lime Catering" MMC-yə 228,5 min manat ödəyib.

Üç şirkətlə bağlanan müqavilələrin ümumi dəyəri 842 min manat təşkil edib.