"E-təbib”in layihə rəhbəri: "Məlumatlar qəti surətdə heç bir qurumla paylaşılmır"

13-07-2020 21:36 / Bu xəbər 905 dəfə oxundu

İyulun 8-də Arqument.az-da "Fakt Yoxla" saytına istinadən ""E-təbib” fərdi məlumatları qanunsuz toplayır" başlıqlı araşdırma dərc olunub.

"E-təbib” - koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiqdir. Yəni istifadəçilər ictimai yerlərdə olarkən bu tətbiq vasitəsilə ətrafdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdarlıq alırlar. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqədə olan istifadəçiyə bildiriş göndərilir və şəxs laboratoriya testinə dəvət edilir. 

"E-təbib” "bluetooth" texnologiyası əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur. 

Bu məlumatı isə Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. 

"Fakt Yoxla” araşdırma zamanı belə bir nəticəyə gəlib ki, "E-təbib” tətbiqi "Fərdi məlumatlar haqqında” Qanuna uyğun hazırlanmayıb. Belə ki, bu hal Aİ Məlumatların Mühafizəsi Direktivinin, Avropa Şurasının 108 saylı Konvensiyasının, Avropa İnsan Hüquqları Konvensiyasının tərəfdaş dövlətlər qarşısında qoyduğu öhdəliklərlə də ziddiyyət təşkil edir.

"E-təbib" mobil tətbiqinin Layihə rəhbəri Fuad Niftəliyev mövzu ilə bağlı Arqument.az-a açıqlama göndərib. 

O qeyd ki, "E-tebib" mobil tətbiqi koronavirusa qarşı mübarizə aparmaq üçün beynəlxalq təcrübədən götürülmüş İT məhsuldur və koronavirsula mübarizə üçün effektiv layihədir: "E-təbib mobil tətbiqi koronavirusa qarşı mübarizə aparmaq üçün əsası beynəlxalq təcrübədən götürülmüş, təkmilləşdirilmiş uğurlu bir İT məhsuldur. Əksər insanların smartfon istifadəçisi olduğu və proqramlardan mütəmadi istifadə etdiyi üçün bu tətbiqetmənin də effektiv olacağına şübhə yaranmır".

Fuad Niftəliyev "T-tebib"in virusa yoluxmuş və ya nəticəsi müsbət olan şəxslər barədə məlumatlarını necə müəyən etməsi və istifadəçilərə çatdırması məsələləsinə də toxunub: "E-təbib mobil tətbiqini yükləyən 2 fərqli şəxsin – mobil tətbiq istifadəçilərinin smartfonları arasında məlumat mübadiləsi 2 metrdən az və 10 dəqiqədən çox müddətdə Blutuz vasitəsi ilə həyata keçir. Bu məlumatlar hər kəsin öz smarfonlarında qeyd olunur. Əgər iki şəxsdən biri növbəti günlərdə infeksiya tutarsa, xəstələnərsə və analizlərin nəticəsində Covid-19 pozitiv virusu aşkarlanarsa digər istifadəçi dərhal "Siz son 14 gündə yoluxmuş şəxslə təmasda olmusunuz. Xahiş edirik laboratoriya analizindən keçəsiniz” bildirişini alacaq. Yaxşı olardı ki, hər bir smartfon istifadəçisi bu tətbiqetməni öz smartfonlarına yükləsinlər. Gözləntilərimiz azı 400-500 min smartfon istifadəçisidir. Bu halda artıq zəncirvari proses olaraq məlumat mübadiləsi gercəkləşəcəkdir və virusa yoluxan insan ilə kontakt vaxtında müəyyənləşdiriləcək".

Layihə rəhbəri araşdırmada "E-tebib" tətbiqinin istifadəçilərin hansı məlumatlarını toplaması ilə bağlı məqama da toxunub. 

O deyib ki, mobil tətbiq məlumatları digər qurumlarla qəti surətdə paylaşılmır: "E-təbib" şəxslərin yalnız Ad, soyad, icazə modulundan istifadə etdiyi halda şəxsiyyət vəsiqəsinin Fin kodunu toplayır. Eyni zamanda bu, yəni FİN kodun göstərilməsi, laboratoriya analizlərinin yoxlanılması üçün də tələb olunan prosedur qaydasıdır. Bununla yanaşı mobil tətbiq mobil telefon nömrəsi (əgər nömrə ilə qeydiyyatdan keçibsə) və ya "Facebook" hesabının məlumatlarından başqa heç bir digər məlumatlar toplanılmır. Məlumatlar yalnız TƏBİB, Operativ Qərargah və ya Səhiyyə nazirliyinə təqdim oluna bilər. Digər qurumlarla məlumatlar qəti surətdə paylaşılmır. Məlumatların konfidensiallığı bizim üçün vacibdir".

Tətbiqin yüklənilməsi zamanı təqdim olunan məlumatda 5.1-ci bənddə qeyd olunan məlumatların ötürülməsi nəzərdə tutulan 3-cü tərəfin kimlər və ya hansı qurumların olması ilə bağlı danışan Fuad Niftəliyev həmin qurumların adını da çəkib: "TƏBİB, Səhiyyə Nazirliyi - əgər söhbət evdə müalicə alanlardan gedirsə, və ya Operativ Qərargah".

F. Niftəliyev tətbiqin yüklənilməsi zamanı təqdim olunan məlumatda 5.3-cü bənddə qeyd olunan istifadəçinin adı, soyadı, elektron poçt ünvanı, sosial şəbəkə ünvanı, ziyarət edilən səhifələr, yükləmələr, axtarış mövzuları, brauser məlumatları, IP ünvanı və müxtəlif plaginlərin mövcudluğu barədə məlumatların toplanılmasının "E-təbib" vasitəsilə niyə həyata keçirilməsini isə belə şərh edib:  

"Həmin bənddə həyata keçirilir yox, həyata keçirə bilər qeyd olunub. İstifadəçi qaydaları yazılan zaman biz mobil tətbiqin inkişaf perspektivlərini nəzərdə tuturduq. Bizim mobil tətbiqin inkişafı ilə bağlı planlarımız və gələcək vizyonumuz mövcuddur. Bu baxımdan gələcəkdə sual doğurmasın deyə bir sıra məsələlər, öncədən hansı məlumatların toplanıb və ya toplanmadığı haqda istifadəçiləri məlumatlandırırıq. Bu həm milli, həm də beynəlxalq qanunvericilik normalarına cavab verir.Bu məlumatların ötürülməsi də könüllü şəkildə baş verir. Bir daha vurğulayım ki, bu məlumatlar və imkanlar yalnız proqramın növbəti versiyalarında ehtiyac olduğu təqdirdə könüllü şəkildə istifadəçi tərəfindən təqdim oluna bilər".

O, istifadəçi məlumatları və dataların necə bir serverə toplanması, bu serverin harada (ölkə daxilində və ya xaricdə) yerləşməsi, ondan kimlərin və ya hansı qurumların istifadə imkanın olmasına da aydınlıq gətirib: 

"Məlumatlar AzinTelekom (RİTN) serverlərində toplanır. TƏBİB, Səhiyyə Nazirliyi və ya Operativ Qərargahdan başqa heç bir qurum və ya müəssisə bu məlumatları əldə edə bilməz".

Niftəliyev bildirib ki, tətbiqdən istifadə edənlərin şəxsi məlumatları onların icazəsi olmadan toplanıla bilməz: "Bilirsiniz ki, Konstitutsiyanin 32-ci maddəsinə əsasən heç kəsin razılığı olmadan heç bir məlumat toplana bilməz. Biz də həmçinin kimsənin razılığı olmadan məlumat toplamırıq. Tətbiqetmə könüllü yüklənir, məlumatlar könüllü daxil edilir və Razılaşmanı istifadəçi özü təsdiq edir. Eyni zamanda, biz "Fərdi Məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanuna və "Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatı ləğv edildikdə, həmin informasiya sistemində olan məlumatların məhv edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsaslanırıq".
 
Layihə rəhbəri həmçinin "App"ın yaradılmasının müddəti və maliyyə xərcləri barədə də açıqlama verib: "Mobil tətbiqin yaradılması çox qısa zamanda baş verdi və bilavasitə bizim developerlər tərəfindən həyata keçirilib. Bu tətbiq hazırlananda biz ABŞ-da və digər aparıcı Avropa ölkələrində, o cümlədən Cənubi Koreyada və Sinqapurda bu kimi mobil tətbiqləri işləmiş digər mütəxəssislər ilə sıx müzakirələr aparırdıq və fikir mübadiləsi nəticəsində mobil tətbiqin işlək vəziyyətə gətirilməsini təmin edirdik. Bilirsiniz ki, bu yeni bir texnoloji yanaşmadır və bu günə gədər dünya belə bir pandemiya ilə mübarizədə texnoloji vasitələrdən istifadə etməmişdir. Apple və Google şirkətlərinin yoxlama prosedurları da uzun sürən proses idi, amma şükürlər olsun, onları da keçməyə müvəffəq olduq. Maliyyə məsələsinə qəldikdə, bizlər - bir qrup İT mütəxəssisi olaraq, bu tətbiqi sosial məsuliyyət anlayışımız çərcivəsində və ölkəmizə, millətimizə bu çətin günlərdə dəstək olmaq üçün hazırlamışıq. Bu bilavasitə bizim mütəxəssislərimizin işinin və əməyinin nəticəsidir".