Əbülfəz Qurbanlı siyasətə qayıtdı

Əbülfəz Qurbanlı siyasətə qayıtdı

23-06-2017 02:37 / Bu xəbər 2580 dəfə oxundu

2015-ci ildə AXCP sədrinin müavini postundan istefa verən və siyasi səhnəni tərk edən Əbülfəz Qurbanlı yenidən aktiv siyasətə qayıtdığını açıqlayıb. 

Arqument.Az xəbər verir ki, Ə.Qurbanlı bunu feysbuk səhifəsində yazıb. 

"Bir xeyli dostlar bilir, bir o qədər də dostlar, tanışlar məlumatsızdır deyə yazmalı oldum. Qayıtdım. İl yarımdan artıq idi ki, vətəndən kənarda idim. Artıq bir neçə aydır ki, burdayam. Öncəki dövrdə olduğu kimi, ictimai-siyasi fəaliyyətlə məşğul olacam. Fəal və ardıcıl. Müstəqil qaydada...", - o yazıb.

Siyasi fəaliyyətini müstəqil davam etdirəcəyini deyən Qurbanlı bildirib ki, siyasətə qayıtmasına səbəb ölkədəki ağır durumdur: "Hələlik geniş planlarım yoxdur. Bununla belə, plansız da deyiləm. İndi daha pis və ağır dövrdür. Hər həftə hansısa ictimai-siyasi fəallar ya həbs olunur, ya da polisə çağırılır. Xeyli dostumuz həbsdədir. Ölkə üzü uçuruma gedir. Hakimiyyət isə bütün şərtləri daha da ağırlaşdırmaqda davam edir. Belə şəraitdə əlimizi ağır daşların altına qoymaqdan çəkinməməliyik. "Demokratiyaya gediləsi uzun yol"u getmək zərurətdir, gedəcəyik".

Ə. Qurbanlı bir müddət AXCP Gənclər Komitəsinin sədri, daha sonra isə partiya sədri Əli Kərimlinin müavini olub. O, 2015-ci il iyul ayının 8-də partiyadan istefa verib. 

Arqument.Az