Əbülfəz Sadıqbəyli prokurorluğa niyə çağırılıb? - YENİLƏNİB

Əbülfəz Sadıqbəyli prokurorluğa niyə çağırılıb? - YENİLƏNİB

17-09-2019 18:37 / Bu xəbər 920 dəfə oxundu

Müsavat Partiyasının fəalı, keçmiş siyasi məhbus Əbülfəz Sadıqbəyli prokurorluğun istintaq idarəsinə çağırılıb.

Bu haqda o, prokurorluğa getməzdən öncə özü "Basta”ya məlumat verib.

"Bu gün 17 sentyabr saat 08:25-də şəxsi istifadəmdə olan (+994552964000) nömrəsinə Baş prokurorluğun ağır cinayətlərə dair istintaq idarəsinin (+994124413129) nömrəsindən prokuror Qasım Məmmədov zəng edərək, saat 10 məni istintaq idarəsinə dəvət etdi. Hər zamankı kimi, məsələnin mahiyyətini açıqlamayaraq, idarədə öyrənəcəksiniz dedi” – Əbülfəz Sadiqbəyli özünün feysbuk səhifəsində yazıb.

Artıq bir neçə saatdır ki, Sadıqbəylinin mobil telefonuna zəng çatmır.

Prokuror Qasım Məmmədovla əlaqə saxladıq. O, Sadıqbəylinin istintaqa çağırılmasının səbəbi ilə bağlı hər hansı suala cavab verə bilməyəcəyini bildirdi. Eyni zamanda Sadıqbəylinin prokurorluqda olduğunu təsdiqlədi: "Hal hazırda istintaq hərəkəti aparılır. Sualınızı Baş Prokurorluğun mətbuat xidmətinə verib cavab ala bilərsiniz”.

Prokurorluğun mətbuat xidməti ilə əlaqə yaratmaq hələlik mümkün olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Əbülfəz Sadıqbəyli həbsdə olub və hal hazırda üzərində şərti məhkumluq var. 

İttihama əsasən, Əbülfəz Sadıqbəyli yol polisinə "Nikoyl” bankının krediti ilə aldığı "Niva” markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib.

Müsvatçı gənc Cinayət Məcəlləsinin 178.2.4, və 320-ci maddələri ittiham olunur (dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etmək).

Əbülfəz Sadıqbəyli 2018-ci ilin noyabrında həbs edilib. Müsavat Partiyası bəyan edib ki, Əbülfəz Sadıqbəyli siyasi motivlərlə həbs olunub. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Bu ilin mart ayında məhkəmənin elan etdiyi hökmə əsasən Əbülfəz Sadıqbəyli ittiaham edildiyi maddə üzrə təqsirli bilinib. Məhkəmə müsavatçı gəncin 11 ay müddətinə azadlığının məhdudlaşdırılması haqqında hökm çıxarıb və o, məhkəmə zalında azadlığa buraxılıb.
 
***
 
Müsavat Partiyasının fəalı Əbülfəz Sadıqbəylinin ifadəsi alındıqdan sonra Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsindən sərbəst buraxılıb. 
 
O, feysbuk hesabında yazıb ki, ona aid olmayan bir məsələ ilə bağlı şahid qismində dindirilib: "Başqa şəxsə açılmış cinayət işi ilə bağlı, şahid qismində təxminən 2 saat ifadəm alındı. Cinayət materiallarının məxfi saxlanması baxımından geniş açıqlama verə bilməyəcəm. Hazırda hər şey qaydasındadır. Narahatçılıq verdiyim üçün üzürlü hesab edin".