Çeçen lider Zelenskini dəstəklədi: "Heç bir halda Putinlə görüşməməlidir"

Çeçen lider Zelenskini dəstəklədi:

15-03-2022 02:05 / Bu xəbər 1088 dəfə oxundu

"Putin əli sıxılası insan deyil. O, hərbi cinayətkardır"

"Heç bir halda Putinlə Zelenskinin görüşünə icazə verilməməlidir. Niyə? İzah edirəm: danışıqlar və prezidentlərin görüşü fərqli şeylərdir. Medinski səviyyəsində danışıqlar aparıla bilər. Bu gün ruslarla nə barədə danışıqlar aparmaq olar: müharibəni dayandırmaq və qoşunları çıxarmaq".

Bunu Çeçenıstan Respublikasının keçmiş liderlərindən olan Cövhər Dudayev və Aslan Məshədovun silahdaşı Əhməd Zakayev rusiyalı jurnalist Mark Feyqinə müsahibəsində deyib. 

Əhməd Zakayev Cövhər Dudayev və Aslan Məshədovun silahdaşı olmaqla yanaşı, Çeçenstan hökumətində nazir və Baş nazirinin müavini işləyib.

O, hazırda Londonda yaşayır və "İçkeriya çeçen respublikasının mühacirət hökuməti”nə başçılıq edir. 

Kadırovun barışmaz opponenti sayılan Zakayev özünü çeçen xalqının qanuni təmsilçisi sayılır. 

Kreml 1996-cı ildə müharibənin başa çatması və Rusiya-Çeçenistan hüdudları haqda "Xasavyurd sülh müqaviləsi"ni məhz onun təmsil olunduğu kabinetin liderləri ilə bağlayıb. 

Martın 12-də "Feyqin Live” Youtube kanalında  jurnalist Mark Feyqinin suallarını cavablandıran Zakayev deyib ki, Zelenskinin Putinlə görüşü vacib deyil: "Məncə, Ukrayna ilə Rusiya arasında danışıqların başqa predmeti ola bilməz. Bunun üçün isə Zelenskinin Putinlə görüşü vacib deyil. Birincisi, əgər belə bir görüş baş tutsa, sözsüz ki, görüş Kiyevdə baş tutmayacaq, yəni hər hansı bir üçüncü ölkədə baş tutacaq. Zelenski isə Ukraynanı tərk edib bu görüşün keçiriləcəyi ölkəyə getməyə məcbur olacaq".

"Güman edirəm ki, onun ölkəni tərk etməsinə imkan veriləcək. Amma sual ondan ibarətdir ki, onun Ukraynaya qayıtmasına imkan veriləcəkmi? Bu anda onun qayıdışı barədə məlumatlar hər kəsdə olacaq. Axı o, hansısa marşrutla hərəkət etməlidir. Rusların Hava-Kosmik qoşunları, kəşfiyyatı işləyir", - deyə Zakayev bildirib.

Onun sözlərinə görə, Kreml Zelenskini məhv etmək istəyir: "Bu gün əsas vəzifələrdən biri Zelenskinin fiziki məhv edilməsidir. Kreml və Putin artıq bu təcrübəyə malikdir. O, artıq legitim, qanuni seçilmiş prezidentləri öldürüb (Cövhər Dudayev, Aslan Məshədov). Bu baxımdan onu heç nə dayandırmayacaq. Çünki bu gün Putin qarışıq hamı çox gözəl anlayır ki, onun sağ qalmaq üçün yeganə şansı müharibədə qalib gəlməkdir. Belə bir deyim var: qaliblər mühakimə olunmur. Buna görə də o, heç nəyə baxmayaraq (əsgər itkiləri, heçə enmiş imic, çökən iqtisadiyyat) çox şeyə gedəcək. Zelenski ölkəni tərk edərsə, bu, artıq Putinin qələbəsinin 50%-i deməkdir və o, fiziki məhv edilərsə, Putin öz şərtləri ilə müharibəni bitirəcək". 

"Mən indi təhlükəsizliklə bağlı danışırdım. Amma bunun mənəvi tərəfi də var. Zelenskinin Putinlə görüşməsi, onun əlini sıxması Putinin reabilitasiyası deməkdir. Putin əli sıxılası insan deyil. O, hərbi cinayətkardır. Əgər Zelenski zəiflik nümayiş etdirib onunla görüşsə və əl sıxsa, o zaman digər ölkələrin liderləri onunla əl sıxıb qucaqlaşmaq üçün növbəyə duracaqlar. Zelenskinin tarixi şansı var, Putinin simasında bu "dünya şəri”ni cəzalandırmaq, onu hərbi cinayətkar elan edərək ona "əl sıxılası insan” kateqoriyasına aid etmək kimi bir missiyası var. O, Putini bitirməlidir. Əgər Ukrayna tərəfi Putinlə danışıqlar aparmasa, o zaman onun iki yolu qalır: Birinci yol odur ki, kimsə ətrafındakılardan onun alnına güllə vuraraq quduz it kimi aradan götürməlidir. Bu, təkcə Rusiyanı və ya Rusiya dövlətçiliyini xilas etmək üçün deyil, bu başqalarına da dərs olmalıdır ki, dünyanı şantaj edib nüvə düyməsi ilə oynamaq olmaz. İkinci çıxış yolu isə onu hərbi cinayətkar kimi məhkəmə qarşısına çıxarılmalıdır. Buna görə də ukraynalılar qələbənin təminatı kimi öz prezidentlərini qorumalıdırlar", - çeçen lideri bildirib.