Ədalət Vəliyev siyasi partiyaları topladı: AXCP çağırılmayıb, Müsavat qatılıb

Ədalət Vəliyev siyasi partiyaları topladı: AXCP çağırılmayıb, Müsavat qatılıb

17-05-2024 18:05 / Bu xəbər 684 dəfə oxundu

Gülağa Aslanlı tədbirdə iştirakla bağlı qərarın qurultaydan öncə verildiyini deyib

Mayın 16-da Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Tədbirə AXCP istisna olmaqla, Müsavat, Müasir Musavat, REAL, Haqq Ədalət, Demokratik İslahatlar, Böyük Quruluş, Ümid, Klassik Xalq Cəbhəsi və digər partiyalar qatılıb.

AXCP sədrinin müavini Seymur Həzi onlara dəyirmi masada iştirakla bağlı dəvət gəlmədiyini bildirib: "Əgər dəvət olunsaydıq da, iştirak etməyəcəkdik. Çünki AXCP ictimaiyyət üçün açıq və predmeti əvvəlcədən məlum olan tədbirlərdə iştirak edir”.

Tədbirə qatılan Müsavat Partiyasının funksioneri Gülağa Aslanlı qərarın partiyada kollegial verildiyini deyib.

Meydan TV-nin "Sonuncu qurutaydan sonra partiyanın Divanı və ya Məclisi olmadığı halda, qərar necə kollegial verilib?” sualına Aslanlı belə cavab verib: "Məclisin və Divanın qərarı olmadan sözünü… Bu məsələ qurultaydan əvvəl müzakirə edilib, ona görə də qərar verilib ki, tədbirdə iştirak edək. Qərarsız deyil, sadəcə, qurultaydan sonrakı dövrdə məclisin toplantısı mayın 18-ə müəyyənləşib. Amma əvvəlcədən iştirakımız barədə qərar verilib və razılaşma olub. Razılaşma olmasaydı, getmək olmazdı. Getmirdik, amma dəvət olub, getmişik və iştirak etmişik”.

Gülağa Aslanlı daha sonra deyib ki, bu barədə qurultaydan əvvəl Divan qərar verib, o da gedib.

Müsavatçı dəyirmi masada "Siyasi partiyalar haqqında” Qanunun tətbiqinin müzakirə edildiyini bildirib: "Təkliflər hissəsində müxtəlif məsələlər müzakirə edildi. Mən də təkliflərimi səsləndirdim, dedilər ki, qeydə alınıb. Təklif etdim ki, normal seçki keçirmək istəyirsinizsə, Türkiyədəki kimi proporsional seçki sistemi bərpa edilsin, seçki komissiyaları paritet əsasda formalaşdırılsın, siyasi məhbuslar azad olunsun. Bununla bərabər məcburi köçkünlərin mülkiyyət hüququnun bərpasını və nəhayət, Məmməd Əmin Rəsulzadənin adının BDU-ya qaytarılması və Bakıda heykəlinin qoyulması təklifini səsləndirdim”.

Görüşdə insan hüquq və azadlıqları ilə bağlı digər hansı məsələlərin müzakirə edildiyinə gəlincə, Ümid Partiyasının sədri İqbal Ağzadə  bildirib ki, tədbir ancaq "Siyasi partiyalar haqqında” Qanunun tətbiqi ilə bağlı olub: "Qanunun qəbulundan sonra qeydiyyat, Mərkəzi Seçki Komisisyası, ədliyyə, maliyyə nazirliklərinin və digər strukturlarla münasibətlər, o cümlədən də bu istiqamətdə qanunun tətbiqində yaranan problemlər müzakirə olundu. Bu sahədə müxtəlif spektrlərə toxunuldu, özəlliklə növbəti mərhələlərdə danışılacaq məsələlərlə bağlı fikir mübadiləsi oldu. Ancaq əsas müzakirə predmeti "Siyasi partiyalar haqqında” Qanunun tətbiqində MSK-nın, Ədliyyə Nazirliyinin və digərlərinin rolu barədə danışıldı, 25 siyasi partiyanın hər bir nümayəndəsi çıxış etdi. Mövzu bu olduğundan başqa məsələlərlə bağlı fikir mübadiləsi olmadı”.