Ədliyyə Nazirliyi qarşısında aksiya - vətəndaş evsiz qalmasından şikayətçidir

Ədliyyə Nazirliyi qarşısında aksiya - vətəndaş evsiz qalmasından şikayətçidir

18-05-2022 18:46 / Bu xəbər 2904 dəfə oxundu

Bu gün, mayın 18-də vətəndaş İradə Nəbiyeva Ədliyyə Nazirliyi önündə etiraz edib.

Şikayətçi qeydiyyatda olduğu ünvandakı mənzildə illərdir ki, yaşaya bilməməsindən və davam edən məhkəmə prosesindən narazıdır.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi dövründə məcburi köçkün düşən vətəndaşlar həmin yataqxanada yerləşdirilib.

"Yataqxana qəzalı vəziyyətə düşəndə orada yaşayan məcburi köçkünlər üçün evlər tikildi. Biz də Bakı Şəhəri İcra Hakimiyyətinin bizim yerləşdirilməyimiz barədə də sərəncam verəcəyini gözləyirdik. İcra hakimiyyətindən isə bildirildi ki, bizi evlə müqavilə bağladıqları şirkət təmin edəcək, amma şirkət boyun qaçırır", - şikayətçi deyir.

İradə Nəbiyevanın iddia edir ki, "RR Constructions MMC" şirkəti Dövlət Təhlükəsizliyi Xidməti rəisi Əli Nağıyevin qardaşı Vəli Nağıyevə məxsus olduğuna görə, məhkəmə sakinin xeyrinə qərar verməkdən yayınır.

Bununla belə, İradə Nəbiyevanın tikinti şirkətinin sahibliyi ilə bağlı səsləndirdiyi iddia şirkətin ictimaiyyət üçün açıq olan qeydiyyat məlumatları ilə təsdiqləmək mümkün deyil. Belə ki, şirkətin sahibi barədə məlumatlar ictimaiyyət üçün açıq deyil. 

"RR Constructions" şirkəti 2019-cu ildə AKİF MUSTAFAYEV (BAKIXANOV QƏS.), ev 11A ünvanında qeydiyyatdan keçib, direktoru Abdullayev Nadir Hüseynqulu oğludur.

Göstərilən mənzil Nadir Abdullayevin qardaşı Rəfael Abdullayevin seçici kimi qeydiyyatda olduğu mənzildir. Rəfail Abdullayev Nərimanov Rayon icra hakimiyyətinin keçmiş şöbə müdiridir.

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin qardaşı, Dövlət Miqrasiya Xidmətinin rəisinin birinci müavini Vəli Nağıyevin bu tikinti şirkətinə birbaşa və ya dolayısı ilə aidiyyatını dəqiqləşdirmək üçün "Toplum TV" DMX-in mətbuat xidmətinə müraciət edib.

Qurumdan verilən məlumata görə, Vəli Nağıyev biznes fəaliyyəti ilə məşğul olmur. Bildirilib ki, Nağıyev hazırda yalnız hüquq-mühafizə orqanında xidmətini həyata keçirir.

Məsələ ilə bağlı "RR Constructions" şirkəti ilə əlaqə saxladıq. 

Şirkət hüquqşünasa yönləndirəcəyinə və özünün redaksiya ilə əlaqə saxlayacağına söz versələr də, ondan cavab gəlməyib.

Günün sonunda İradə Nəbiyeva ilə əlaqə saxladıq. 

O, Ədliyyə Nazirliyinin onu Nərimanov Rayon Məhkəməsinə yönəltdiyini bildirib. 

Orada şikayətçiyə işə obyektiv baxılacağına vəd veriblər. 

Növbəti məhkəmə iclası iyunun 7-ə təyin olunub.

Mənbə: Toplum TV