"Əfqan Muxtarlı azad edilməlidir" - AŞPA məruzəçisi

21-06-2017 19:07 / Bu xəbər 1343 dəfə oxundu

AŞPA-nın söz azadlığı və jurnalistlərin təhlükəsizliyi məsələləri üzrə baş məruzəçisi Volodymyr Ariev jurnalist Əfqan Muxtarlının işi üzrə bəyanat verib.

AŞPA-nın saytında dərc edilmiş bəyanatda Ə.Muxtarlının taleyindən narahatlıq ifadə olunur.

«O, Azərbaycanda həbsdə saxlanılır. Bu işə Avropa Şurasının Jurnalistikanın və jurnalistlərin təhlükəsizliyinin müdafiəsinə yardım platforması nəzarət edir. Ancaq Azərbaycan hakimiyyətindən heç bir cavab alınmayıb», - bəyanatda deyilir.

Sənəddə Azərbaycanda tənqidçilərə münasibət pislənilir.

«Azərbaycanda müstəqil mətbuata qarşı təzyiqlərin artmasını pisləyirəm. Aydındır ki, bu hücum Azərbaycan hakimiyyətinin korrupsiyası haqqında materialları ilə məşhur olan araşdırmaçı-jurnalistləri susdurmaq məqsədilə törədilib», - V.Ariev bəyanatında vurğulanır.

O, Azərbaycan hakimiyyətini saxlanılmış jurnalisti dərhal azad etməyə səsləyib.

«Gürcüstan hakimiyyətini bu iş üzrə bütün ittihamları araşdırmağa və bu araşdırmaların nəticələri haqqında Assambleyaya lazımi şəkildə məlumat verməyə çağırıram», - bəyanat bu ifadələrlə tamamlanır.

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən başına torba keçirilib, ona işgəncə verilib. Zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıdakı rəsmi qurumların bildirməsinə görə isə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Ə.Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Hazırda jurnalistin işi üzrə istintaq Baş Prokurorluqda aparılır. Bir neçə ictimai-siyasi fəal və jurnalistlər şahid qismində cinayət işinə cəlb edilərək prokurorluqda dindirilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.///azadliq.org