Əfqan Muxtarlının karsa salındığı deyilir

Əfqan Muxtarlının karsa salındığı deyilir

24-09-2019 10:50 / Bu xəbər 1744 dəfə oxundu

16 saylı Cəzaçəkmə Müssisəsində həbsdə olan jurnalist Əfqan Muxtarlı sentyabrın 23-də karsa salınıb.

Bu barədə nidaçı fəal Samir Əsədli feysbuk hesabından məlumat yayıb.

Əfqan Muxtarlı sentyabrın 22-dən vəkili Nemət Kərimlinin cəzaçəkmə müəssisəsində üzləşdiyi təzyiqlərə etiraz olaraq, aclıq aksiyasına başladığını bəyan edib: 

"Artıq iki gündür ki, dərmanlarını da qəbul etməkdən imtina edən jurnalist məsələ ilə bağlı bəyanatında bildirib: "20 sentyabrdan vəkilim Nemət Kərimliyə qarşı qanunsuzluğa və zorakılığa etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıram. Rəis müavini Emin Eminəliyev siyasi məhbuslara qarşı qəddarlığı ilə seçilib. Bundan əvvəl siyasi məhbus Məmməd İbrahimə qarşı zorakılıq etmişdir, məhbuslara qarşı amansız və qəddardır. Onun barəsində prokurorluğa olan şikayətlər araşdırılmır. İlham Əliyevdən tələb edirəm ki, baş vermiş hadisə obyektiv araşdırılsın. Emin Eminəliyev və başqa zorakılıq edən əməkdaşlar cəzalandırılmalıdır. Vəkilə qarşı olanlar mənim hüquqlarımı pozmağa yönəlib, əvvəllər Nemət Kərimli bir il müddətinə vəkillikdən mərhum edilib. İndiki hücumlar avropalı deputatlar Sunna Thorhildur və D. Myatoviçlə görüşdən sonra baş verib”.

Penitensiar Xidmət jurnalistin aclıq aksiyasını keçirməsini təsdiqləyib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, Əfqan Muxtarlı dünən 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə aclıq aksiyasına başlaması ilə əlaqədar rəsmi məlumat verib: "O, bu gündən aclığa başlayıb. Əfqan Muxtarlı digər məhkumlardan təcrid edilib. Hal-hazırda səhhətində problem yoxdur. Həkim nəzarətindədir”.

Məlumat üçün qeyd edək ki, Əfqan Muxtarlı şəkərli diabetdən əziyyət çəkir.

Ə. Muxtarlı 2017-ci ilin mayında həbs edilib.

Rəsmi orqanlar onu Gürcüstan-Azərbaycan sərhədini qeyri-qanuni keçməkdə ittiham etsələr də, o, özü Tbilisidə oğurlandığını və Azərbaycana gətiildiyini deyib.

Məhkəmə qərarı ilə Ə.Muxtarlı 6 il müdətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları onu hüquq müdafiəçisi kimi tanıyıb.

Səkinə Xanım