Əfqanıstanda qadın gözəllik salonları qadağan edildi
05-07-2023 14:03 / Bu xəbər 784 dəfə oxundu
Əfqanıstana nəzarət edən "Taliban" təşkilatı ölkədəki bütün qadın bərbər və gözəllik salonlarının qapadılması barədə əmr verib.
BBC xəbər verir ki, bununla bağlı ölkənin Fəzilətə Dəvət və Pislikdən Çəkindirmə nazirliyi məlumat yayıb.
Sərəncama əsasən, qərar bir ay ərzində yerinə yetirilməlidir və o, həm paytaxt Kabildə, həm də ölkənin digər yaşayış məntəqələrində tətbiq olunmalıdır.
AFP agentliyinə danışan nazirliyin sözçüsü əlavə edib ki, gözəllik salonlarının bağlanmasının səbəbləri daha sonra açıqlanacaq.
Sərəncamın mətnində deyilir ki, o, "ali rəhbərin şifahi göstərişinə əsasən” çıxarılıb. İtaətsizlik edib yerinə yetirməyənləri isə hakimiyyət məsuliyyətə cəlb edəcəyini vəd edir.
Qadın bərbərləri və gözəllik salonları Əfqanıstanda 2001-ci ildə "Taliban" hakimiyyətdən getdikdən dərhal sonra ortaya çıxıb.
Bu obyektlər sahiblərinə və işçilərinə pul qazanmaq, müştərilərinə isə təkcə xidmətlər almaq deyil, həm də kişilər olmadan söhbətləşməyə imkanı verirdi.
"Taliban" 20 il sonra yenidən qayıtdı və 2021-ci ilin avqustunda Kabildə hakimiyyətini elan etdi.
Əvvəlcə onlar köhnə təcrübəyə qayıtmaq və qadınları hüquqlardan məhrum etmək fikrində olmadıqlarını bildirmişdilər.
İlk başda həqiqətən də belə idi: eyni gözəllik salonları işləməyə davam etdi, yalnız lövhələr çıxardıldı və pəncərələr rəngləndi. Amma artıq indi məlum olur ki, qadınların hüquqlarına hücum yalnız təxirə salınmışdı, ləğv edilməmişdi.
Müasir Əfqanıstanda qadınlar artıq praktiki olaraq tam orta təhsil və ali təhsil almaq imkanından tamamilə məhrumdurlar.
Onlar küçədə yalnız kişilərin müşayiəti ilə görünə bilərlər, onlara dövlət sektorunda və qeyri-kommersiya təşkilatlarında işləməyə icazə verilmir, həmçinin idman zallarına və ictimai parklara da baş çəkmək qadağandır.
Əfqanıstandan Türkiyəyə qaçan qadın hüquqları müdafiəçisi Cəmilə Əfqan deyir ki, Taliban qadınları insan kimi deyil, sahiblənmək və əzmək üçün bir vasitə kimi görür: "Yeni qadağa minlərlə vizajistə təsir edəcək və ölkə daxilində yüzlərlə gözəllik salonu bağlanacaq".
İki il əvvəl "Taliban" sübut etməyə çalışdı ki, onlar dəyişiblər və müasirləşiblər, buna görə də ən azı qismən nüfuz qazanmağa ümid edirdilər - bu o zaman planetin ən kasıb yerlərindən biri olan və hələ də elə qalan Əfqanıstana maliyyə yardımı imkanı verə bilərdi. Lakin onların bütün sonrakı hərəkətləri qəbul edilmələrini demək olar ki, qeyri-mümkün etdi.
BMT İnsan Haqları Şurasının sifarişi ilə hazırlanan hesabatda deyilir: "Qadınlara və qızlara qarşı ciddi, sistematik və institusional ayrı-seçkilik "Taliban"ın ideologiyasının əsasını təşkil edir ki, bu da onların gender aparteidinə yol verəcəkləri ilə bağlı narahatlıqları artırır”.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarının müavini Nada Əl-Naşif isə deyib: "Son 22 ay ərzində [Əfqanıstanda] qadınların və qızların həyatının bütün aspektləri məhdudlaşdırılıb. Onlar hər cür ayrı-seçkiliyə məruz qalırlar”.