Əfv olunan siyasilər fəaliyyətlərini davam etdirəcəklərini deyirlər

Əfv olunan siyasilər fəaliyyətlərini davam etdirəcəklərini deyirlər

17-03-2019 17:52 / Bu xəbər 1523 dəfə oxundu

Əli İnsanov: ''Bilmirəm mən müxalifətə qoşulacağam, yoxsa onlar gəlib mənə qoşulacaqlar''

Martın 16-da imzalanmış əfv siyahısında adı olan şəxslər azadlığa buraxılıb.

Əfv olunanlar arasında siyasi fəaliyyətinə görə saxlanıldığını deyənlər var.

Martın 17-də azadlığa çıxan AXCP sədrinin müavini Gözəl Bayramlı Milli Şura rəhbərliyinə, partiyadaşlarına, vətəndaş cəmiyyətinə, azad mediaya və bütün siyasi təşkilatlara təşəkkür edib. 

O, fəaliyyətini davam etdirəcəyini bildirib: "Mənim həbsimin səbəbi siyasi fəaliyyətim idi. Həbsimdən əvvəl xəbərdarlıq etmişdilər ki, sərt yazmayın. Ancaq razılaşmadım, ona görə həbs olundum. 2 il ailədən, yaxınlardan uzaq olmaq xoş olmasa da, insan öz mətinliyini qorumalıdır. Mən də bir çox siyasi məhbus kimi mübarizliyimə sadiq qaldım və bu, davamlı olacaq”.

Sabiq səhiyyə naziri Əli İnsanov azad olunmasında demokratik Qərbin, yəni Avropa Birliyinin və ABŞ-ın xüsusi rolu olduğunu deyib: "İlham Əliyevin məni azad etmək fikri yox idi. İlham Əliyevi məni azad etməyə məcbur etdilər. Ancaq mən özümü azadlıqda hiss etmirəm, çünki kiçik həbsxanadan böyük həbsxanaya çıxmışam. Azərbaycan özü böyük həbsxanadır. Hansı humanizmdən danışırlar ki, polis serjantının gördüyü işi prezident edir? İnsanların cibinə narkotik atıb həbs edirlər”.

Ə.İnsanov Azərbaycanda qalacağını və siyasi fəaliyyətini davam etdirəcəyini deyib: "Mübarizəmi axıra qədər davam etdirəcəyəm, heç yerə getmək fikrim yoxdur. Azərbaycan bu gün uçurumun dibindədir. Onu bu uçurumdan xilas edəcək istənilən siyasi hərəkata qoşulmağa hazıram. Ancaq hər şey Allahın əlindədir. Bilmirəm mən müxalifətə qoşulacağam, yoxsa onlar gəlib mənə qoşulacaqlar".(meydan.tv)