“Əgər başqa sübut varsa, ortaya qoyulsun” - Vəkil

“Əgər başqa sübut varsa, ortaya qoyulsun” - Vəkil

13-08-2019 13:47 / Bu xəbər 300 dəfə oxundu

"Bu adamların evində adi döşəmə yoxdur, çörək gətirən iki oğulu tutub basıblar həbsə...''

Gəncə hadisələrinə görə həbs olunub, 8 ilə qədər həbs cəzası verilmiş daha bir qrupun apelyasiya şikayəti üzrə məhkəmə başa çatır. Bu qrupdakı səkkiz nəfərin də cəzalarının ən azı azaldılacağı gözlənilir. Çünki prokuror bunu təklif edib.

Avqustun 9-da keçirilən sonuncu məhkəmə iclasında öncə təqsirləndirilən şəxslərin vəkilləri məhkəməyə vəsatət təqdim edərək, müvəkkillərinə qarşı ittihamları təsdiqləyən sübutları istəyib. Vəkillər bildirib ki, iş materiallarında şəxslərin işgəncə altında imza atdıqları ifadələrdən başqa heç bir sübut yoxdur.

"Əgər başqa sübut varsa, ortaya qoyulsun”, - deyə vəkillər bildirib.

Vəsatət təmin olunmayıb.

Daha sonra dövlət ittihamçısı Ceyhun Əliyev çıxış edib. Prokuror təqsirləndirilən 8 nəfərdən 7-nə Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaşların təşkili) maddəsi ilə verilən ittihamın Cinayət Məcəlləsinin 29.220.1 (kütləvi iğtişaşlarda iştiraka cəhd) maddəsinə tövsif olunmasını təklif edib. Dövlət ittihamçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin onlara verdiyi cəzaların da azaldılmasını istəyib. Prokuror təqsirləndirilən şəxslərdən Eyruz Hacıyev və Səbuhi Rəcəbovun cəzasının 5 il 6 ay, Riya Nuruzadə, Sabir Əzizov və Fikrət Mirzəliyevun cəzasının 5 ilə, Cabir Əzizov və Gülmirzə Nuruzadənin cəzasının isə 4 il 6 aya endirilməsini istəyib.

Prokuror çıxışında yalnız Elman Quliyevə verilən ittihamın dəyişdirilməməsini, lakin onun da cəzasının 8 ildən 7 ilə endirilməsini təklif edib.

Bu təqsirləndirilən şəxslərdən şəxslərdən Eyruz Hacıyevlə Səbuhi Rəcəbov bibioğlu-dayığolu, Sabir və Cabir Əzizovlar, həmçinin Riya və Gülmirzə Nuruzadələr qardaşdılar. Elman Quliyev Sumqayıt Dövlət Universitetinin müəllimi olub.

Təqsirləndirilən şəxslər məhkəmədə ifadələrində bildiriblər ki, onları Gəncəyə kütləvi iğtişaşlarda iştirak etməyə Elman Quliyevin göndərməsi, yolpulunu da onun verməsi barədə ifadəyə imza atmaları üçün ağlasığmaz işgəncələrə məruz qalıblar.

Prokurordan sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Onlar müvəkkillərinin günahsız olduğunu, ittihamların nə birinci instansiya məhkəməsində, nə də apelyasiya instansiyasında sübuta yetirildiyini vurğulayaraq, onlara bəraət verilməsini istəyiblər.

Cabir Əzizovun vəkili bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Vəkilin sözlərinə görə, birinci instansiya məhkəməsində dindirilən şahidlərin 90 faizi polis əməkdaşlarıdır:

"Avropa Məhkəməsi öz qərarında yeganə şahid olaraq, ancaq polislərin ifadəsinə istinad olunmasını Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozuntusu kimi qiymətləndirib. Cabir Əzizovda, ümumiyyətlə, telefon olmayıb, amma ittihamda iddia olunur ki, onun telefonundan terroru təbliğ edən çağırışlar tapılıb. Onun əməlində Cinayət Məcəlləsinin 220-ci maddəsinin tərkibi yoxdur, bəraət verilməlidir”.

Digər qardaş Sabir Əzizovun vəkili də müvəkkilinin günahsız olmasıyla yanaşı, bu ailənin ağır durumundan da danışıb:

"İnsanlara qarşı bu dərəcədə qisas olmaz. Əvvəla, bu adamlar deyir ki, Göygölə gedərkən Gəncədən keçiblər, günorta yemək yeməyə kafe axtaranda polis onları saxlayıb. Aksiya isə axşam olub, yəni bunlar saxlanılandan bir neçə saat sonra. İkincisi, lap tutaq ki, bu adamlar icazəsiz aksiyada iştirak ediblər. Axı bu inzibati xətadır, uzaqbaşı inzibati qaydada cəzalandırıla bilərdilər. Bu ailədən iki qardaş tutulmaqla, bilirsinizmi ailə hansı vəziyyətə qalıb? Ata birinci qrup əlildir, əsa ilə çətinliklə yeriyir. Ana cəmi 180 manata küçə süpürür. Evə çörək gətirən iki oğul vardı, onları da tutub basıblar həbsə. Bu adamların evində döşəmə yoxdur, torpağın üstündə gəzirlər yaşlı adamlar. İnsanlıq xatirinə, bu iki qardaşdan heç olmasa, birini buraxın ki, o evə çörək gətirən olsun”.

Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxslərə Gəncədə sabiq icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərova dəstək aksiyası keçirmək ittihamı verilib. Müdafiəçi xatırladıb ki, Gəncədəki aksiyadan öncə Y.Səfərovun polis idarəsində döyükdüyünü əks etdirən görüntülər yayılmış, bu da insanlarla qıcıq doğurmuşdu:

"O fotoları yayan kim idi? Nə mən idim, nə Cabir idi, elə polislərin özləri idi. Amma həmin polislər cəzalandırılmadı. Bəlkə də o fotolar yayılmasaydı, hadisələr bu həddə gəlib çatmazdı”.

Riya Nuruzadənin vəkili bildirib ki, təqsirləndirilən şəxsləri saxlayıb, öncə məhkəmədən onların haqqında 15-20 günlük inzibati həbs olunmalarına dair məhkəmə qərarları alıblar. Bir neçə gün sonra isə cinayət işi başlayıb, ağır ittihamlar irəli sürüblər:

"Əgər bu adamlar aksiyada iştirak ediblərsə belə, artıq inzibati qaydada cəzalandırılıblar. Daha sonra cinayət işi başlamaq artıq qanunu pozmaqdır. Çünki qanun eyni əmələ görə iki dəfə cəzalandırılmanı qadağan edir. Hərçənd, bu adamlar o aksiyada heç iştirak da etməyiblər”.

Fikrət Mirzəliyevin vəkili bildirib ki, prokuror cəzaların aşağı salınmasını, ittihamın nisbətən yüngülləşdirilməsini istəsə də, bu, humanist addım kimi qiymətləndirilə bilməz:

"Bu, böyük bir qanunsuzluğa sadəcə, don geyindirmək cəhdidir. İnsanların həyatıyla oynamaq, günahsız adamları illərlə həbsdə saxlamaq olmaz. Fikrət Mirzəliyevin Gəncədə aksiyada iştirak edəcəyini sübut edən hansı dəlillər var? Heç bir sübut yoxdur”.

Elman Quliyevin vəkili çıxışında bildirib ki, hökumətdə təmsil olunan bəzi məmurlar Gəncə hadisələri barədə prezidentə yalan məlumat verir. Bu vəkil də 10 iyul hadisələrindən öncə Yunis Səfərovun işgəncəyə məruz qalmasını əks etdirən şəkillərin yayılmasını yada salıb. Müdafiəçi hesab edir ki, o fotoların yayılması təsadüf deyildi:

"Necə olur, burada acından günorta duran, göyərçin saxlayan biri Gəncədə iğtişaş təşkil edir? Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun bu şəxslər haqqında hökmü məhkəmə sistemi üçün ləkədir. Hökmdə yazıb ki, "telefon danışıqları da sübut edir ki, həmin gün Elman Quliyevlə digər təqsirləndirilən şəxslər dəfələrlə bir-birilə ünsiyyətdə olub”. Halbuki, belə şey olmayıb. Elman Quliyevin atası Telman Quliyev Heydər Əliyevin seçki qərargahının rəhbəri olub. Dəfələrlə ona dedim ki, gəl, şikayət yazaq, razılaşmadı. İndi də YAP-ın üzvüdür. Gəncə hadisələrini bu adamlar törətməyib. O hadisələr başqa bir qrup adamın məqsədli şəkildə törətdiyi olaylardır. Ancaq o hadisələrə aidiyyəti olmayanları tutub, ağır cəzalandırdılar. Bu da, dövlətə inamsızlıq yaradır. Xalq qalıb bir qrup cinayətkarın əlində. Onlar yuxarıları da aldadıb, işləməyə imkan vermir, aşağılara da zülm eləyirlər. Bu işdə insanları kişiliklərilə təhqir elədilər. Dünya dağılsa da, bunu eləmək olmazdı. Kişi olan kəs insanı kişiliyilə cəzalandırmaz. Gəncə hadisələrini təşkil edənlər bu gün dövlətdə oturublar”.

Vəkil çıxışının sonunda Elman Quliyevə bəraət verilməsini istəyib.

Məhkəmə prosesi avqustun 23-də davam edəcək. O iclasda təqsirləndirilən şəxslər son sözlərini deyəcək, ardınca da qərar elan olunacaq.
 
Meydan.Tv