Əhməd Məmmədli: "Afiəddin Məmmədov təxribatla üzləşərək saxlanılıb" (Yenilənib)

Əhməd Məmmədli:

20-09-2023 18:40 / Bu xəbər 921 dəfə oxundu

 Afiəddin Məmmədova Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. 

Bu maddə ilə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
_________________________________________________________________________

"Bir nəfər özünə bıçaqla xəsarət yetirib və bıçağı Afiəddinin üstünə atıb”

Sentyabrın 20-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun evinin yaxınlığında polis tərəfindən saxlanıldığı bildirilib.

Bu barədə siyasi fəal Əhməd Məmmədli məlumat yayıb.

O bildirib ki, onun saxlanmasına səbəb kimi yaşadığı binadan çıxarkən hansısa bir şəxsi bıçaqlaması göstərilib: "Plan elə qurulub ki, Afiəddin binadan çıxarkən bir nəfər ona yaxınlaşaraq özünə bıçaqla xəsarət yetirib və bıçağı Afiəddinin üstünə atıb. Polis dərhal Afiəddini saxlayıb. Yeni qondarma həbs ssenarilərinə yox deyir və Afiəddin Məmmədovun sərbəst buraxılmasını tələb edirik”.

Meydan TV fəalın həbsi ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) məlumat ala bilməyib.

Bu, Afiəddin Məmmədovun ilk həbsi deyil. O, daha öncə, avqustun 1-də də saxlanılmışdı. Sonradan barəsində 30 sutka həbs qərarı verilmişdi.

Həmin vaxt Daxili İşlər Nazirliyi (DİN) açıqlama verərək onun məhkəmə qərarı ilə müəyyən edilən borc öhdəliyindən yayındığına görə həbs edildiyini bildirmişdi: "Borca görə onsuz da axtarılırdı. Barəsində toplanmış materiallara baxılması üçün məhkəməyə göndərilib. Məmmədova məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası verilib”.

Həmin vaxt yaxınları bildirmişdi ki, Afiəddin Məmmədovun saxlanması Bakıda mopedlərlə qida daşıyan kuryerlərin polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq keçirdiyi tədbirdən sonra baş verib.

Afiəddin Məmmədov 2022-ci il noyabrın 13-də də inzibati qaydada həbs edilmişdi. Daha sonra barəsində 30 sutkalıq həbs qərarı verilmişdi.

Bu dəfə isə avtomobilin şüşəsini sındırmaqda və polisə müqavimətdə suçlanıb.

Özü ittihamı qəbul etməyib.(Meydan TV)