Əhməd Məmmədlinin işindən Avropa Məhkəməsinə şikayət göndəriləcək

Əhməd Məmmədlinin işindən Avropa Məhkəməsinə şikayət göndəriləcək

29-09-2022 14:36 / Bu xəbər 1002 dəfə oxundu

Təşkilat sədrinin apelyasiya şikayəti təmin edilməyib

Demokratiya 1918 (D-18) Hərəkatının sədri Əhməd Məmmədlinin 30 günlük inzibati həbsi haqda qərardan verilmiş şikayətə sentyabrın 28-də Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Meydan TV xəbər verir ki, məhkəmədə Əhməd Məmmədli özü də iştirak edib. 

O, polisə müqavimət ittihamının saxta olduğunu, əksinə, küçədə getdiyi zaman mülki geyimli polislər tərəfindən saxlanılaraq zorla avtomobilə mindirilib aparıldığını bildirib.

Hərəkat sədri həbsinin siyasi sifariş olduğunu deyib və sosial media hesabında paylaşımlarına görə cəzalandırıldığını vurğulayıb.

Vəkili Zibeydə Sadıqova da Əhməd Məmmədli haqqında Səbail Rayon Məhkəməsində çıxarılmış 30 günlük həbs qərarının əsassız və qanunsuz olduğunu bildirib. 

Müdafiəçi həmin qərarın ləğv olunmasını, müvəkkili haqqında başlanmış inzibati xəta işinə xitam verilməsini istəyib.

Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Əhməd Məmmədlinin həbsilə bağlı ölkədaxili hüquqi müdafiə vasitələri tükəndiyinə görə vəkil Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcək.

D-18 Hərəkatı Əhməd Məmmədlini "sülh məhbusu” adlandırıb.

"Apelyasiya məhkəməsi şikayəti təmin etmədi. Əhməd Məmmədli siyasi fəaliyyəti və sülh çağırışları etdiyinə görə onun qanunsuz həbsinin davamına qərar verildi. Demokratiya 1918 Hərəkatı olaraq, qərara etiraz edir, sülh məhbusu Əhməd Məmmədliyə azadlıq tələb edirik!”, – Hərəkatın bəyanatında belə deyilir.

Təşkilatdan verilən məlumata görə, Əhməd Məmmədli sentyabrın 20-də Bakıda – İslam Səfərli küçəsində gedərkən mülki geyimli şəxslər özlərini təqdim etmədən, qəfil hücum edərək onu tutub aparıblar. 

Təşkilat sədrinin 77 CZ 439 dövlət nömrə-nişanlı avtomobillə aparıldığı bildirilir.

Elə həmin gün o, Səbail rayon Məhkəməsində hakim qarşısına çıxarılıb və İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 1 aylıq inzibati həbs cəzası verilib.

"Son günlərdə müharibə fonunda Hərəkatın sülhə çağırış paylaşımları və Əhməd Məmmədlinin İlham Əliyevin cəzalandırılması ilə bağlı yazısı hakimiyyətdə qıcıq oyadıb. Hakimiyyət günahsız xalqı müharibənin eyforiyasıyla əzdiyi kimi siyasi fiqurları da dəmir yumruqla hədələyir. Siyasilərə edilən bu cür təhqirlər yolverilməzdir”, – D-18 Hərəkatı Əhməd Məmmədlinin həbsinə belə münasibət bildirib.