Ekoaktivist: "Qaranohur gölünə çəkilən yol meşəyə təzyiqi artırır"

Ekoaktivist:

22-06-2021 14:57 / Bu xəbər 1829 dəfə oxundu

"Bəzi kötüklərdəki möhürlərdən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən qeydə alınıb”

"Demişdik ki, Qaranohur gölünə çəkilən yol ətrafındakı və gölün kənarındakı meşəyə təzyiqi artıracaq. Belə də oldu. Artıq təzə çəkilən yolun ətrafında gölə düşən hissədə ilk qırıntılar qeydə alınıb”.

Ekoaktivis Cavid Qara belə deyir. 

O bildirir ki, bu, hələ başlanğıcdır, gələcəkdə daha çox olacaq: "Bəzi kötüklərdəki möhürlərdən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən qeydə alınıb. Amma nədənsə cəmiyyət üçün həssas olan bir mövzuda nazirlik açıqlama vermək lazım olduğunu düşünməyib”.

Qaranohur gölü İsmayıllının Talıstan kəndində, Şahdağ Milli Parkının içindədir.

Gölə yolun çəkilməsinə bu ayın əvvəli başlanıb. Yol Qaranohurun təqribən 50 metr məsafəsinə yaxınlaşıb. Yolun bitəcəyindən gölə bir dəqiqəlik piyada məsafəsi qalıb.

Yolun çəkilməsinə yeni başlanan zaman da Cavid Qara bildirmişdi ki, yol çəkilişi zamanı təbiətə xeyli ziyan dəyib:

Cavid Qara

"Talıstan kəndindən gölə əvvəllər də 10 km-lik yol olub, ancaq zamanla o yol sıradan çıxıb. İndi həmin köhnə yolu yenidən hamarlayıblar. Bu, ərazidə ağac kəsimlərini artıracaq. Gələcəkdə əraziyə gələn turist sayı artdıqca, oralar biznes üçün də cəzbedici olacaq. Biri gəlib restoran, biri otel tikəcək, kababxanalar, təndirxanalar açılacaq. Bu qədər səsə də heyvanlar dözməyəcək, uzaqlaşacaq və beləliklə, həmin ərazidəki meşə deqradasiyaya uğrayacaq. Bunlar hamısı bir-biri ilə əlaqəli şeylərdir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova Meydan TV-yə bildirib ki, Qaranohur gölünə gedən yolda yalnız hamarlaşma işləri aparılıb. Ərazidə heç bir yol çəkiliş işləri getmir:

"Ümumiyyətlə, Qaranohur marşurtu Şahdağ Milli Parkının İsmayıllı bölməsi üzrə turistlərin ən çox gedib görmək istədiyi yerlərdəndir. Əksər hallarda isə bura gedən yolun çətinliyi və yol infrastrukturunun narahatlığı bələdçilərin narazılığına səbəb olur. Fiziki cəhətdən zəif, yaşlı insanlar gedib ərazini görə bilmirlər. Turistlərin çoxsaylı istəyi nəzərə alınaraq Qaranohura gedən yolun bərpası işləri aparılıb”.

Arzu Səmədova bildirib ki, bu addım ziyarətçilərin milli parkda rahat və təhlükəsiz hərəkətini təmin edəcək: "Eyni zamanda, ərazidə baş verə biləcək hər hansı yanğın hadisəsinin qarşısının alınması üçün ora texnikanın girişinə imkan yaradacaq”.///Meydan.TV