Əkrəm Əylisli: Ramiz Mehdiyevlə Əli Həsənov “donosbazlıq” mühiti yaratmışdılar

Əkrəm Əylisli: Ramiz Mehdiyevlə Əli Həsənov “donosbazlıq” mühiti yaratmışdılar

06-12-2019 17:46 / Bu xəbər 680 dəfə oxundu

"Əli Həsənov haqqında çox şeylər açılacaq”

Yazıçı Əkrəm Əylisli Prezident Administrasiyasında kadr dəyişiklikləri, Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkiləri barədə fikilərini Meydan TV-ə eksklüziv müsahibəsində bölüşüb.

- Əkrəm müəllim, ölkədə yeni ictimai-siyasi situasiya yaranıb. Hakim partiyanı təmsil edən deputatların təşəbbüsü ilə parlamentin buraxılmasından sonra Milli Məclisə fevralın 9-da seçkilər keçiriləcək. Sizcə, hakimiyyət hansı səbəblərdən seçkilərə getdi?

- Mən hələ yaranmış mənzərənin məğzini dərindən başa düşmürəm. Birinci sual odur ki, nəyə görə hər şey tələsik baş verdi? Sualın cavabını dərindən bilmədiyim üçün dürüst cavab verməməyim məni narahat edir. Vaxtilə Meydan TV-yə müsahibəmdə Azərbaycan dövlət ideologiyasının bir-iki tipik Naxçıvan demoqoqunun əlində əsir-yesir olduğunu söyləmişdim.

- Bəli, xatırlayıram.

- İndi mənə elə gəlir ki, dediklərim baş verdi. Azərbaycan mühitini hər addımda zəhərləyən, çap mətbuatını, saytlarını pis günə qoyan adamlar rəhbər vəzifələrdən uzaqlaşdırıldı. Gərək yaxşı işə yaxşı deyəsən. Ona görə məndə belə sevinc yarandı ki, bəlkə illərdir davam edən mühitdən uzaqlaşaq. İki cür demoqoq var, biri tipik, biri də elə-belə. Naxçıvanda belə məsəl var: bir naxçıvanlı xeyli pul tapır. Pula baxıb deyir ki, elə bildim "donosdur”. Pul tapmağına sevinir, amma "donos” olsa, daha çox sevinər. Mənası budur. "Donosbazlıq” bizdə, Naxçıvanda həmişə gülüş obyekti olub. Özləri bunu boyunlarına almasalar da, gülüş obyektinə də çevirirlər. Bunu mən naxçıvanlı kimi bilirəm. Ramiz Mehdiyevlə Əli Həsənov belə bir mühit yaratmışdılar və bu mənzərə Azərbaycana yaraşmırdı. Axundovu, Sabiri, Mirzə Cəlili olan məmləkətdə bu dərəcədə qara, anlaşılmaz ideologiya altında bərbad bir mühit yaratmışdılar. Adam az qalırdı boğulurdu, sağlam qüvvələr də boğulurdu.

- Ancaq Ramiz Mehdiyev AMEA prezidenti təyin olundu və islahat aparacağını bildirib. AMEA-da hansı islahatlar aparıla bilər?

- Ramiz Mehdiyev harda olursa-olsun, əvvəl olduğu məkanı sovet dövrünün "NKVD”-nə çevirmişdi. Sovet rəhbərliyində Andrey Jdanov var idi. SSRİ Ali Sovetin sədri olub, sonra Leninqrada rəhbərlik edib, təbliğat işlərinə baxırdı. Mən Əli Həsənovun hər çıxışını oxuyanda Jdanov yadıma düşürdü. Sonuncu Şestakoviçə musiqi dərsi deyirdi, Zoşşenkoya yazmağı öyrədirdi. Əli Həsənov da belə bir mühit yaratmışdı, dəhşətli idi. Biz hər şeyə dözürük, amma daha dözüm yox idi. Bəlkə yuxarıdakılar cəmiyyətin buna dözməyə imkanı olmadığını görüb, ona görə özlərini də, bizi də hifz etdilər.

- Əkrəm müəllim, dəyişikliklər davam etməlidirmi. Adətən deyirlər ki, yaşlı insanlar getməlidir, siz necə düşünürsünüz?

- Yaşlı-cavan söhbəti bir az gülüncdür. Tolstoy 70 yaşından sonra nələr yaradıb, yaxud Dostoyevski. Yaş məsələsi nisbidir. Əli Həsənovun kadrlarının yazdıqlarını oxuyurdum, onlar qocalardan min dəfə qocadırlar. Bu adamlar o qədər qoca və üfunət saçan bir şey idilər ki… Cavan insanın cavanlıq enerjisi var, buna söz yoxdur. Qocadan həmişə çevikdir, fikri də çevik qəbul edir. Gəncləşmə olmalıdır. Amma təbii şəkildə, heç kəsin əl-ayağını bağlamaq olmaz. Cavanların əl-ayağını təcrübə qazanmaq üçün bağlamağa ehtiyac yoxdur. Yaxud qocaya demək olmaz ki, yaşlanmısan, evdə otur. Bu yanaşmalar mənasızdır.

- Gedişatın nəticəsini necə görürsünüz?

- Mən o sevinci yaşayıram ki, Əli Həsənov kimi bir idbar Azərbaycan ideologiyasının aparıcı şəxsi olmayacaq. Onun haqqında çox şeylər açılacaq. Şübhələnirəm ki, mənimlə bağlı hadisələrdə də "sevimli naxçıvanlılar”ın əli var. Onlar qaranlıq yaradırdılar ki, işıq olmasın. Çünki bu adamlar yarasalar kimi işıqda heç nə görmürdülər.

Natiq Cavadlı
Meydan.Tv