Ekspert: “Analoqu olmayan akademik biabırçılıq”

Ekspert: “Analoqu olmayan akademik biabırçılıq”

04-06-2019 11:17 / Bu xəbər 1123 dəfə oxundu

AMEA-nın prezidenti, vitse-prezidenti və İşlər İdarəsinin müdirinin yataqxanada yaşayan alimlər üçün tikilən binada evləri mənimsədiyi bildirilir.

Məlumatı təhsil üzrə ekspert Etibar Əliyev öz "Facebook” hesabında paylaşıb. 

Ekspertin "Analoqu olmayan akademik biabırçılıq” başlıqlı yazısı ictimai müzakirələrə səbəb olub.  Sözügedən 16 mərtəbəli bina Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunur.

Məlumata görə AMEA-nın prezidenti Akif Ağamehdi oğlu Əlizadə həmin binada iki mənzilə sahiblənib. Binanın 4-cü girişinin 5-ci mərtəbəsindəki 241 saylı 4 otaqlı  və 242 saylı 2 otaqlı mənzillərin akademikə məxsus olduğu bildirilir. Mənzillərin ümumi dəyəri 181 min 275 manatdır. 

Etibar Əliyev yazır ki, Akif Əlizadənin oğlunun gəlini Tamilla Əlizadənin adına da 2 və 4 otaqlı mənzillər var. İki mənzilin birlikdə qiyməti 181 min 275 manatdır.

Bildirilir ki, AMEA-nın Vitse-prezidenti İbrahim Quliyevin adına da 4 otaqlı mənzil var. Həmin mənzilin qiyməti isə 133 min 725 manatdır.

AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Ülviyyə Rafiq qızı Bayramovanın adına 4 otaqlı  mənzil var. Həmin mənzilin dəyəri  133 min 725 manatdır.

Etibar Əliyev yazısının sonunda "bu görməmişlər bu bina tikilənə qədər harda yaşayırmışlar” deyə ritorik sual verib.

AMEA Mətbuat və informasiya idarəsindən Toplum Tv-ya verilən açıqlamada məsələnin hələ araşdırıldığı, nəticə əldə etdikdən sonra rəsmi saytlarında məlumat yerləşdirəcəkləri deyilib.///toplum.tv