Ekspert: "Bu qanunun icrası dayandırılmaldır"

Ekspert:

03-01-2020 01:30 / Bu xəbər 1296 dəfə oxundu

"Daşınmaz əmlakın icbari sığortası haqqında" Qanunun tətbiqinə moratorim qoyulmalı  və ya  onun icrası dayandırılmaldır. Əks təqdirdə çoxsaylı cərimələr kütləvi sosial narazılığıa gətirib çıxara bilər".

Bunu "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanunu feysbuk hesabında şərh edən iqtisadçı Qubad İbadoğlu bildirib.

Ekspert bildirib ki, çoxsaylı  cərimələr kütləvi sosial  narazılığa gətirib çıxara bilər: "Azərbaycanda 2011-ci il iyulun 24-də qəbul edilən "Daşınmaz əmlakın icbari sığortası haqqında" Qanun yanvarın 1-dən tətbiq olunmağa başlayıb. Qanuna görə, üzərində hüquqların dövlət qeydiyyatı aparılan bütün növ  daşınmaz əmlak  məcburi surətdə sığorta olunmalıdır.  Bir illik icbari sığorta haqqı sahəsindən asılı olmayaraq bütün növ daşınmaz əmlak üçün  Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələrində 30 manat müəyyənləşdirilib”.

Ekspertin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə (469.1-ci maddə) əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimə 30 manat təşkil edir: "Cərimə edildikdən 2 gün sonra o, daşınmaz əmlakı sığortalamasa, yenidən və hər 20 gündən bir eyni məbləğdə cərimə olunacaq. Hazırda  22 sığorta və təkrarsığorta şirkətini fəaliyyət göstərir.  Onlardan 12-nin daşınmaz əmlakı sığorta etmək üçün lisenziyası vardır. Ölkədə 2019-cu ilin oktyabr ayının 1-nə olan məlumata görə, mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı 2051330-a çatır. Bu isə o deməkdir ki, daşınmaz əmlakın sığortası bütün şirkətlər üzrə bərabər paylanarsa, hər bir şirkətə orta hesabla 170 445 sığorta müqaviləsi imzalamaq lazımdır. Qısa zaman ərzində bu qədər müqaviləni imzalamaq üçün infrastruktura və işçi potensialına  malik olmayan sığorta şirkətlərinin ləng fəaliyyəti ucbatından əhalini davamlı cərimələr gözləyə bilər”.

"Kütləvi cərimələnmə hallarının qarşısını almaq üçün sığorta müqaviləsinin onlayn müraciət  sistemi yaradılmalı, internet üzərindən həyata keçriilən sifarişlər qısa zamanda icra olunmaqla daşınmaz əmlakın icbari sığortasına dair  şirkətlər tərəfindən imzalanan müqaviələr  qarşı tərəfə poçt vasitəsilə  çatdırılmalıdır”, - deyə ekspert bildirib.

İqtisadçı təklif edir ki, bu sistem qurulana qədər  "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanunun tətbiqinə moratorim qoyulsun və  ya  təxirə salınsın. Əks təqdirdə  çoxsaylı  cərimələr kütləvi sosial  narazılığıa gətirib çıxara bilər: "Çünki şirkətlərin korporativ maraqlarını təmin edən bu qanun qısa bir zamanda ev təsərrüfatlarının xərclərini  80 milyon manatdan çox artıra bilər".

Şəmsiyyə İbişova
Toplum.Tv