Ekspert: "Ən yaxşı halda parnik mətbuat yaradacaq"

Ekspert:

14-01-2021 11:40 / Bu xəbər 542 dəfə oxundu

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yerinə yeni, daha geniş səlahiyyətlərə malik Media İnkişafı Agentliyinin yaradılması media ekspertlərinin, hüquqşünasların, iqtisadçıların tənqidinə səbəb olub.

Hüquqşünas Ələsgər Məmmədli "amerikaninsesi.org"a deyib ki, agentliyin tam adı (Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi) ARMİA olsa da, qısa adını MEDİA adlandırıblar: "Nizamnaməsinə baxdıqda, hər şey var, maşallah! Çap mediası və onlayn media sahəsində inzibati xətaya görə medianı cəzalandırmaqdan tutun, bizneslə məşğul olmağa qədər. Üstəlik, mövcud qanunvericilikdə olmayan anlayışlardan da istifadələr mövcuddur. Məsələn, nə "KİV haqqında", nə "Teleradio haqqında" qanunlarda olmayan bir anlayış - audiovizual media subyektləri kimi”.

Ələsgər Məmmədli

O deyir ki, Azərbaycan medianın fəaliyyətinə nəzarət edən mərkəzi icra hakimiyyəti qurumunu Avropa Şurasına daxil olan zaman ləğv edib.

"İndi publik hüquqi şəxs formatında yeni bir mərkəzi icra hakimyyəti orqanı yaradıldı. Üstəlik, qarma-qarışıq səlahiyyətlərlə, cəmiyyətdə müzakirəsi aparılmadan... Yaxşı olardı ki, belə bir qurum yaradılmadan öncə media ictiamiyyətinin müzakirəsinə çıxarıla, ehtiyaclar və mümkün addımlar müzakirə edilərdi”, - o deyib.

İqtisadçı Samir Əliyev sosial şəbəkə hesabında yazır ki, Azərbaycan mətbuatının ən böyük rəqibləri sosial şəbəkələr və "YouTube" kanallarıdır.

"Oxucu ölkədə baş verən prosesləri məhz həmin platformalardan əldə edir. Məhz bu platformalar göstərdi ki, camaat üçün maraqlı olan təkcə şou-biznes deyil. İnsanlarımızı siyasi proseslər də, iqtisadi qərarlar da maraqlandırır”, - o facebook səhifəsində yazıb.

Samir Əliyev

Samir Əliyev deyir ki, mətbuatın inkişafının 1 nömrəli resepti onun müstəqilliyi və senzuranın olmamasıdır.

"Bütün bunlar olmadan heç bir fond və agentlik mətbuatı inkişaf etdirə bilməyəcək. Ən yaxşı halda parnik mətbuat yaradacaq ki, o da rəqabətə davamsız olacaq”, - iqtisadçı hesab edir.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin firkincə, dünənki fərman dövlət siyasətinin həyata keçirilməsi üçün əsas zəmin yaradır: "Son iki ildə bir sıra hadisələr baş verdi. Prezidentin köməkçisi Əli Həsənov vəzifədən kənarlaşdırıldı. Çünki o əsasən media siyasətini həyata keçirən bir şəxs idi. Sonra KİVDF-nin rəhbəri vəzifədən uzaqlaşdırılıb. Orada dəyişikliklər baş verib. Yəni bu onu göstərir ki, hakimiyyət hiss edir ki, bu sahədə problemlər var. Problemlər həqiqətən də var. Vəziyyəti dəyişmək üçün demək olar ki müəyyən addımlar atılmışdır. Müəyyən şəxslər uzaqlaşdırıldı. Dünənki fərman artıq gələcək addımların atılması, dövlət siyasətinin həyata keçirilməsi üçün demək olar ki, əsas zəmin yaradır. Bu da ondan irəli gəlir ki, hakimiyyət başa düşür ki, informasiya təsirini, informasiya əlaqələrini cəmiyyətdə itirir. Bu real vəziyyətdir. Kifayət qədər təşəbbüslər var. Hakimiyyət bir tərəfdən medianın keyfiyyətini artırmaq, vəziyyəti tənzimləmək, düzəltmək, cəmiyyətdə rəğbət yaratmaq, digər tərəfdən isə medianı özünün istədiyi şəkildə öz maraqlarına uyğun istifadə etmək istəyir”.

O yeni yaradılan agentliyin nizamnaməsindəki 3 maddə ilə razi deyil. Mehman Əliyev hesab edir ki, agentlik prezidentə yox, cəmiyyətə hesabat verməldir.

Mehman Əliyev

"Mən nizamnamə ilə tanış oldum. Əslində nizamnamədə xeyli müsbət tezislər var. Sadəcə olaraq orada mənim 3 məsələ diqqətimi cəlb elədi. Hesab edirəm ki, bir tərəfdən bu medialarda gedən hansısa xəbər orada yayılmış şəkildə yazıblar yəni qane elməyən xəbərin getməsi və o xəbərin yayılmasının qarşısını alınmasına nəzarət eləmək, digər tərəfdən administrativ pozuntular varsa onlara nəzarət eləmək, bununla bağlı tədbir görmək, kimisə məlumatlandırmaq , üçüncü də deməli hesabatlılıq ancaq prezidentin qabağında olmalıdır. Prezidentə hesabat verməlidirlər illik fəaliyyət haqqında. Əslində bu cəmiyyətə verilməlidir. Dərc olunmalıdır. Bu hansısa dövlət təhlükəsizlik komitəsi deyil, bu media ilə işləyən qurumdur. Ona görə də şəffaf şəkildə hamısı açıq şəkildə göstərilməlidir. Mən hesab edirəm ki, bu düz deyil. Bu məqamlar məni ciddi şəkildə narahat elədi. Bu müəyyən dərəcədə senzura məsələsidir. Bu müəyyən dərəcədə artıq məndə ehtiyatlılıq yaradır ki, bu agentlik yenə də medialara təsir eləmək, təzyiq eləmək və s bu formatda ola bilər. Necə ki bu vaxta qədər olub”.

Mehman Əliyev qeyd edir ki, mediyanın əsas vəzifəsi həqiqətə xidmətdir: "Mediyanın əsas vəzifəsi və bu bizim peşə kodeksimizdə əks olunub. Həqiqətə xidmət. Yəni agentliyin bütün fəaliyyəti ona yönəlməlidir ki, medialar həqiqətə xidmət eləsin. Həqiqətə xidmət mexanizmləri də balans yaratmaq, plüralizm yaratmaq, qarşı tərəfin fikirlərini verməkdir. Bütün medialar buna riayət eləməlidir. Əgər bunlar təmin olunacaqsa, bu gün qadağan olunan şəxslərin,TV-lərdə qadağan olunan şəxslərin çıxması praktikası aradan götürülərsə, bu baş verərsə deməli agentlik öz fəaliyyətini, məramnaməsini həyata keçirir və ona uyğun hərəkət edir. Bir dənə kriteriya odur. Həqiqətə xidməti təmin etmək. Bunu eləsə biz deyə bilərik, agentlik öz funksiyasını yerinə yetirir”.

Bu addım Azərbaycanın nə dərəcədə beynəlxalq öhdəliklərinə uyğundur? -sualına cavab olaraq media hüquqları üzrə ekspert Xalid Ağaliyev deyir ki, dövlət medianın həyatından tamamilə yox olmalıdır kimi öhdəlik yoxdur.

Onun fikrinə görə, dövlətlərin medianın azad fəaliyyət göstərə bilməsi yönündə öhdəlikləri var.

"Teleradio tezlikləri hamı üçün eyni ölçüdə əlaçatan olmalıdır. Çap mediası rahatlıqla bütün ölkə ərazisində yayıla bilən olmalıdır. Qanunlar medianı, jurnalistləri qorumalıdır. İctimai bilgilərin açıqlanması təmin edilməlidir. Dövlət orqanları mediaya açıq olmalıdır və sair. Bütün bunları dövlət etməli, ümumi ifadə etsək, medianın azad fəaliyyət göstərə bilməsi üçün əlverişli ortamı formalaşdırmalıdır. Bu mühiti daha effektiv formalaşdırmaq üçün hər hansı qurum yaradılacaqsa və fəaliyyət göstərəcəksə, burada beynəlxalq öhdəliklərlə uyuşmayan bir şey yoxdur. Yaradılan qurumlar, həyata keçirilən siyasətlər medianın azad fəaliyyət göstərməsinə qarşı olmamalıdır. Onun fəaliyyətini məhdudlaşdırmamalı, nəzarət altında tutulmasına xidmət etməməlidir. Təəssüflər olsun ki, Azərbaycanda indiyə qədərki təcrübədə yaradılan qurumlar, həyata keçirilən siyasətlər medianı cilovlamağa, nəzarət altında tutmağa xidmət edib. Hansı ki, belə yanaşma beynəlxalq ölçülərə, mütərəqqi təcrübələrə uyğun deyil", - ekspert qeyd edib.

Agentlik hansı xətalara görə cəza tətbiq edə bilər və əvvəl bu tədbirləri hansı orqan görürdü? - sualına cavab isə ekspert deyib ki, yeni qurumun bu istiqamətdəki səlahiyyətləri ilə bağlı müddəalar aydın deyil, yayğındır.

Xalid Ağaliyev

"Yəqin ki, tədricən təcrübədə cəzalandırmanın məzmunu haqda öyrənə biləcəyik. Ümumiyyətlə, məhkəmə sistemi varkən, hansısa quruma niyə görə medianı, jurnalistləri cəzalandırmaq səlahiyyəti verilməlidir? Media, jurnalist hansısa pozuntuya yol verirsə, məhkəmə yolu var. Ümumilikdə medianın xeyrinə olan xeyli qanuni mexanizmlər var ki, 10 illərdir işləmir. Məsələn, informasiya əldə edilməsi qanunu işləmir. İctimai bilgi sahibləri bu qanunvericiliyə əməl etməməyə görə inzibati məsuliyyət daşıyırlar. Ancaq bu müddəalar indiyə qədər bir dəfə də olsun işə düşməyib. Əgər yeni qurum jurnalistə bilgi verməyən, ictimai bilgiləri qapalı tutuan dövlət qurumlarını cəzalandıracaqsa, bu başqa məsələ. Ancaq indiyə qədərki təcrübəmiz bizi istər-istəməz pessimist edir. Bununla belə ümid edək ki, pis təcrübə tarixə qovuşacaq, yeni qurum medianı daha da məhdudlaşdırmaq yox, onun imkanlarını genişlətmək yönündə çalışacaq".

APA agentliynin rəhbəri Vüsalə Mahirqızı media sahəsində yeni yaradılmış qurumla bağlı fbelə düşünür: "Ümid edirəm ki, hüquqi bazaya əsaslanan yeni media standartlarını müəyyən edib, ona əməl olunmasına nəzarəti doğru və tərəfsiz qaydada həyata keçirəcək. Yeni qurumdan reklam bazarı ilə bağlı heç bir gözləntim yoxdu. Azərbaycanda online mediaya reklam gəlməsinin təmin edilməsi üçün yeni qurumun edə biləcəyi bir iş var, indiki xaotik durumu aradan qaldırmaq, bunun üçün hüquqi bazaya əsaslanan standartlar yaratmaq. Vəssalam. Bunu eləsələr medianın nüfuzu bir level artacaq. Medianın böyük nüfuz qazanması üçün başqa qərarlara da ehtiyac var. Online medianın bazar oyunçularının reklam almasına dəstək verəcək qurum daha çox Rabitə Nazirliyidir, gözləntim onlardandır. Əsas odu ki, yeni baxış və inkişaf istəyi olsun. Əvvəlki kimi dəstəbazlıq olmasın. Ümid edirəm ki, daha müasir, daha lazımlı və geniş perspektivli iş görüləcək və hər şey yaxşı olacaq", - o qeyd edib.