Ekspert: "Evdə qalmaq vətəndaşın seçimi deyil, dövlətin rəsmi qərarıdır”

Ekspert:

15-04-2020 23:18 / Bu xəbər 1278 dəfə oxundu

May və iyun aylarında əhaliyə veriləcək elektrik enerjisinə güzəşt olunacaq. 

Bunu "Report”a "Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov deyib. 

Verilən məlumata görə, aprel ayından etibarən növbəti 2 ay üçün vətəndaşların elektrik enerjisindən aylıq istifadə limiti artırılıb. 

Qalib Həmidovun sözlərinə görə, aprel və may aylarında vətəndaşların istifadə etdikləri elektrik enerjisinə görə limit 100 kVt artırılır: "Nazirlər Kabinetinin qərarı ilə enerji sərfiyyatı 300 kVt limit 400 kVt-a qaldırılıb. Aprel ayında gələn ödəniş qəbzində enerji sərfiyyatı limitinin 300 kVt hesablanması çaşqınlıq yaratmasın. Çünki aprel ayında gələn ödəniş qəbzi mart ayı üçün hesablamadır. Ona görə də aprelin əvvəli təqdim edilən qəbzdə 300 kVt hesablanıb. May və iyun aylarında təqdim edilən göstəricidə limit 400 kVt olacaq. Bu proses iki ay davam edəcək. Aprel və may ayları üçün 400 kVt olacaq". 

İqtisadçı Natiq Cəfərli Toplum TV-yə deyib ki, bu güzəştin ciddi əhəmiyyəti yoxdur: "Orta statistik Azərbaycan ailəsi elə 300 kVt işıq işlədirdi. Hətta limitdə nəzərdə tutuluna 400 kVt işlətsə belə, bu, cəmi 4 manat fərq  edir. Bu, ciddi bir güzəşt sayıla bilməz”.  

Natiq Cəfərlinin fikrincə, bu güzəşt əsasən böyük villalara, böyük evlərə, daha çox şəhər kənarında yerləşən çoxmərtəbəli lyuks yaşayış yerlərinə aiddir. 
 
İqtisadçı deyir ki, güzəştlər digər sahələrə də tətbiq olunmalıdır: "Koronavirus(COVID-19) pandemiyasından əziyyət çəkən və karantin rejimi elan edən bir çox ölkə kommunal xərclərin böyük bir hissəsi dövlət tərəfindən kompensasiya edilməsi yolunu tutdu. Doğru olan da budur. Çünki dövlət öz qərarı ilə vətəndaşa "evdə qal" deyirsə və karantin rejimi elan edirsə, vətəndaş daha çox evdə qalmalı olur və daha çox kommunal xidmətlərdən istifadə edir. Bunun nəticəsində də daha çox ödəniş etməyə məcbur qalır. Buna görə də, həm su ilə, həm qaz, həm də buna bənzər digər xidmətlərlə bağlı qərarlar verilməlidir. Limitin ləğv olunması yüngül güzəşt olar. Ən azından kommunal xərclərə görə borcu olanların kommunal xidmətlərinin kəsilməsi, ümumiyyətlə, qadağan edilməlidir. Çünki evdə qalmaq vətəndaşın seçimi deyil, dövlətin verdiyi rəsmi qərardır”. 

N.Cəfərlinin sözlərinə görə, hər bir Azərbaycan ailəsinə kommunal xərcləri ödəmək üçün xüsusi, özəl vəsait ayrılmalıdır: "Belə ki, bu, bir çox ölkədə olur. Azərbaycanda bunu etmək daha asandır. Çünki Azərbaycanda elektrik, su və qaz sayğaclarının böyük əksəriyyəti elektronlaşıb, yəni kart sisteminə keçib. Bunun ən asan yolu kart yazılım sistemi aparatlarına xüsusi proqram yükləmək olar və vətəndaşın yüklədiyi vəsait 2-yə vurula bilər. Məsələn, işıqpulu üçün vurulan 10 manat avtomatik 20 manat kimi yazıla bilər. O cümlədən, su və qazla bağlı eyni addım atılmış olar və bu da Azərbaycan vətəndaşına xeyli dərəcədə kömək edər”. 

Azərbaycanda koronavirusla mübarizə məqsədilə martın 24-dən etibarən karantin rejimi tətbiq olunub.  

Aprelin 5-dən isə xüsusi karantin rejimi tətbiq olunur. Yeni qərara əsasən, sadə insanlar yalnız 3 halda evdən çıxa biləcəklər. Tibbi zərurət yarandıqda, ərzaq almaq üçün, poçt xidmətlərindən istifadəyə görə, yaxın qohumunun dəfnində iştirak etmək üçün.  

Üstəlik, onlar yaşayış yerini tərk etmək üçün icazə almaq üçün 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. Yalnız izin verildikdən sonra çıxa biləcəklər. 

Elmar Əziz