Ekspert: "Gömrük Komitəsi ən çox korrupsiyaya bulaşan qurumdur"

Ekspert:

21-02-2021 01:07 / Bu xəbər 3714 dəfə oxundu

"Dövlət Gömrük Komitəsinin indiki fəaliyyəti faktiki olaraq sahibkarlığın inkişafına, daxili istehsalı qorumağa ciddi əngəldir. Gömrük rəhbərliyinin "daxili bazarı qorumaq” şüarı sadəcə taftalogiyadır". 

Bunu "qaynar.info"ya iqtisadçı ekspert Nazim Bəydəmirli gömrük tariflərinin yüksək olması ilə bağlı iddiaları şərh edərkən deyib.

O bildirib ki, hələ dünyanın heç bir ölkəsi bu üsulla nə daxili istehsalı qoruya, nə də rəqabətə davamlı ixrac yönümlü brend yarada bilib. 

Nazim Bəydəmirli bildirib ki, gömrük rəisinin bu şüarı monopolistlərə xidmət edir: "Bu, əslində monopolistlərə xidmət edən şüardır. Qapalı iqtisadiyyatlarda "yalnız tariflərlə daxili istehsalı qorumaq" ölkəni ancaq xammal ölkəsinə çevirməyə yararlıdır, qiymətlərin bahalaşmasından başqa bir işə yaramır. Bu işlər iqtisadi fəallığı artırmaqla, təşviqlə, real sahibkarlığın inkişafını şərtləndirən 10-larla faktorun olmadığı halda indiki vəziyyət yaranır”. 

O deyib ki, hakimiyyət kadr və struktur islahatlarına start verəndə ilk olaraq DGK-nın ləğvi gündəmə gətirilmişdi: "Təklif olunurdu ki, bu qurum Vergilər Nazirliyinə birləşdirilisin. Lakin gözləntilərin əksi baş verdi. DGK müstəqil qurum kimi fəaliyyət davam etdirdi, Vergilər Nazirliyi isə İqtisadiyyat Nazirliyinin alt qurumuna çevrildi". 

Nazim Bəydəmirli deyir ki, bu gün də daxil olmaqla gömrüyün topladığı vəsaitlərin təqribən 76 faizi vergidir: "Həm də buna görə də islahat qaçılmazdır, vergini bir neçə qurum toplamalı deyil. Ona görə də Gömrük Komitəsi ləğv olunub xidmət kimi Vergilər Nazirliyinin tabeliyinə verilməli idi”.

DGK-dan əsas narazılıq gömrük tariflərinin yüksək olması, idxal mafiyasının maraqlarının qorunması və bununla monopoliyanın çiçəkləndirilməsi ilə bağlıdır. 

İnhisarçılıq Azərbaycanda sahibkarlığın inkişafını "tormoz"layan əsas faktordur. Bir dövlət qurumunun buna rəvac verməsi isə təbii ki, qəbuledilməzdir.

DGK rəhbərliyi əvvəl monopoliyanı brokerlər vasitəsilə qoruyurdu. Qurumun sədri Səfər Mehdiyevin dönəmində isə brokerlər oyundan çıxarıldı. Onları karqo şirkətləri əvəzlədi. Sahibkarlar deyir ki, indi karqo şirkətləri faktiki olaraq brokerlərin fəaliyyətini davam etdirir. Üstəgəl indi sahibkarlardan əlavə daşınma haqqı da tutulur. 

DGK-da həm də traybalizm hökm sürür. Nazim Bəydəmirli də bu fikirdədir. 

"Gömrük Komitəsi daha çox regionçuluğa bağlı olan, daha çox korrupsiyaya bulaşan, özü haqqında daha çox mənfi fikir formalaşdıran bir qurumdur”, - deyə o qeyd edir. 

İqtisadçı alim həmçinin DGK-nın yaratdığı monopolist sistemin necə işləməsini açıqlayıb: "Sahibkarlığın əsas mahiyyəti ondan ibarətdir ki, daha çox qazansın, daha çox vergi ödəsin. Əgər Azərbaycanda şəffaf vergi sistemi qurulubsa – fakt qurulub – vətəndaş malı idxal edərkən çox vəsait ödəyirsə, istənilən halda bu vəsaiti malın maya dəyərinin üstünə gələcək. İki şirkət götürək, tutaq ki, onlardan biri neomonopolistlərindir, o şirkət həmin malı bəyan etdiyi qiymətlə rəsmiləşdirir, ikincisi isə qanunsuz olaraq, öz bildiyi qiyməti tətbiq edir. Belə olduqda, malın satışında problemlər yaranır”.

Beləliklə, faktiki olaraq post-neft dövrünü yaşayan Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı zərurətdir. Bu zərurət inkişafa mane olan bütün amillərin aradan qaldırılmasını labüd edir.