Ekspert: "Jurnalistin fəaliyyətini icra hakimiyyəti tənzimləyə bilməz"

Ekspert:

18-06-2020 11:53 / Bu xəbər 929 dəfə oxundu

Son vaxtlar Bakı şəhərində videoçəkiliş edən jurnalistlərə polis müdaxilə edir, çəkilişi dayandırıb Bakı Şəhər İcra Hakimiyyətindən icazə tələb edir.

Dəfələrlə bu halla üzləşən jurnalist İslam Şıxəli öz "Facebook" statusunda qeyd edib ki, yaxınlaşıb çəkilişi dayandırmağı tələb edirlər: "Sonra jurnalist vəsiqəsinə baxırlar, ratsiya ilə rəhbərliyə məruzə edir, bir az keçir yuxarıdan xəbər gəlir ki, həmin adamın çəkiliş üçün icazəsi yoxdur. Deyirlər, Bakı Şəhər İcra Hakimiyyətində İsrafil adında bir müəllim var, çox da yaxşı müəllimdir, ondan icazə almaq lazımdır. Qanuna istinad yox, əlində bir kağız yox, qanun, əmr, göstəriş nə bilim nə - heç bir şeyi yoxdur, di gəl neyləsən də dediyindən dönmür. Jurnalistin reportaj hazırlaması üçün icra hakimiyyətindən icazə alması harda görülüb? Artıq 7-8 dəfə belə halla rastlaşmışam. Etiraz edəndə bir neçə PPX maşını gəlir, eyni müzakirəni 2-3 qat artıq polis əməkdaşı ilə aparmalı olursan".

İslam Şıxəli deyir ki, dözməyib Bakı Şəhər İcra Hakimiyyətinə məsələni araşdırmağa gedib. Deyiblər: "Jurnalistsənsə, elə bir şey yoxdur, get rahat çəkilişini elə".

Hüquqşunas Ələsgər Məmmədli Toplum.Tv-yə deyib ki, bu addım birmənalı olaraq hüquq pozuntusudur: "Qanunvericilikdə informasiyanın məhdudlaşdırılması çox aydın şəkildə istisna hal kimi nəzərdə tutulub. Ümumiyyətlə BŞİH-dən icazə almaq kimi bir tənzimləmə ola bilməz".
 
Hər kəsin istədiyi məlumatı, istədiyi  yerdə əldə edə biləcəyini deyən hüquqşunas qeyd edir ki, polisin ümumiyyətlə hər hansı vəzifəli şəxsin jurnalistin qanuni peşə fəaliyyətinə mane olması hüquqi baxımıdan yolverilməzdir.

"Cinayət Məcəlləsinin 163-cü maddəsinə görə əgər zor tətbiq etmə hədəsi və ya zor tətbiq edilərsə, cinayət məsuliyyəti, digər hallarda isə inzibati məsuliyyət yaradır".

Əsli İsmayılzadə