Ekspert: "Məktəblilər üçün xüsusi avtobuslar ayrılmalıdır"

Ekspert:

23-09-2020 17:31 / Bu xəbər 893 dəfə oxundu

Adil Qeybulla: "Məktəblərdə yoluxma potensialı varsa, deməli, karantin qaydaları çox ciddi şəkildə pozulur”

Təhsil Nazirliyinin bu günə olan yoluxma statistikasına görə, 10 şagird və 7 işçi heyəti virusa yoluxub. Bundan öncəki  günlərdə isə 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə virus aşkar edilib. 

Qubanın Qamqam kənd orta məktəbində isə 8 müəllimin virusa yoluxmasına görə məktəbdə əyani tədris dayandırılıb.

Toplum.Tv yoluxmaların başvermə səbəblərini ekspertlərlə müzakirə edib.

Həkim Adil Qeybulla Toplum Tv-yə insanların məsələnin mahiyyətini dərk etmədiyini və sanitar-epidemioloji qaydalara əməl etmədiyini deyir: "Sinif otaqlarını vaxtında ventilyasiya etmək, partaları dezinfeksiya etmək lazımdır. Bu işlərə ciddi şəkildə nəzarət edilməlidir. Məktəblərdə belə bir yoluxma potensialı varsa, deməli, karantin qaydaları çox ciddi şəkildə pozulur”.
 
Ekspert deyir ki, uşaqların koronavirusa yoluxma riskinin az olmasına baxmayaraq, ciddi tədbirlər görülməlidir: "Virus mutasiyaya uğrayıb və xassəsini dəyişib. Payız fəsli ilə əlaqədar soyuqdəymə xəstəlikləri artır və bunlar arasında diferensasiya aparmaq xeyli çətinlik törədir. İndiki şəraitdə məktəblərdə, ictimai nəqliyyatda, insanların kütləvi toplanma yerlərində sərt karantin qaydalara ciddi ehtiyac var”. 

"Məcburi maska taxmaq məktəblərə də şamil olunmalıdır" 
 
Təhsil eksperti Kamran Əsədov Toplum Tv-yə yoluxmanın gözlənilən olduğunu deyib: "Çünki təhsil ətrafında təkcə 1,6 milyon şagird birləşdirir. 150 min müəllim və valideyni də nəzərə alsaq, bu rəqəm daha da artır”. 
 
K.Əsədov məktəblərin önündə və dərs növbələrinin dəyişməsi vaxtı valideyn-şagird sıxlığının qarşısının alınmasının vacib 
olduğunu deyir. Buna görə məktəblərdə giriş-çıxış qapılarının artırılmasını təklif edir.

"Ən vacibi isə şagirdlər məktəbə çantasız getməlidir. Dərsliklər şagirdlərə iki nüsxədə verilməlidir. Bir nüsxə məktəbdə saxlanılmalı, digəri isə evdə istifadə olunmalıdır. Dezinfeksiya işləri sürətləndirilməlidir. Təəssüf ki, bu istiqamətdə işlər ləng gedir”, - o bildirib. 

Ekspert məktəbə daxil olarkən şagirdlərin temperaturunun ölçülməsinə baxmayaraq, onların ictimai nəqliyyatda yoluxma risklərinin olmasından da danışır: "Məktəblilər üçün xüsusi avtobuslar ayrılmalıdır. Müvəqqəti qaydalarda maska taxmaq şagirdlər üçün məcburi xarakter daşımır. Hesab edirəm ki, bu şagirdlərə də şamil olunmalıdır”.

K.Əsədov yoluxma sayının artmasına görə təhsil prosesinin dayandırılmasını düzgün hesab etmir. O, təhsilin dayandırılması və yenidən bərpasının yoluxmaların sayının daha da artmasına səbəb olacağını düşünür. 

"Yoluxma statistikasına şübhə edirəm"

Təhsil eksperti Nabatəli Qulamoğlu isə yoluxma statistikanın doğruluğuna şübhə etdiyini və digər xəstəliklərlə də bağlı ola biləcəyini deyir. 
 
"Virus olsa da, dərslər əyani şəkildə davam etdirilməlidir. Sadəcə, sanitar-epidemioloji qaydalara düzgün riayət etmək lazımdır”,- o qeyd edir. 

Təhsil Nazirliyi: "Daha çox yuxarı sinif şagirdləri yoluxub" 

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Toplum Tv-yə bildirib ki, yoluxma halları ilə bağlı tədbirlər görülür və yoluxmaların məktəb şəraitində deyil, daha çox yuxarı sinif şagirdləri arasında baş verdiyini deyir: "Yoluxmalar baş verdiyi halda lokallaşdırılır, siniflər və ya məktəblərdə təhsil dayandırılır”. 
  
Azərbaycanda dərs ili sentyabrın 15-dən başlayıb. 

Pandemiyaya görə bu tədris ilində dərslərin həm əyani, həm də distant formada keçirilməsi nəzərdə tutulub. 

Bakı, Sumqayıt, Abşeron ərazisində dərslər həftədə 2 dəfə, bölgələrdə isə 3 dəfə əyani  tədris olunur. 

2020-2021-ci tədris ilinin əvvəlinə olan göstəricilərə əsasən, respublikanın ümumitəhsil müəssisələrində ümumilikdə 1 574 206 şagird ,məktəbəhazırlıq qruplarında isə121696 şagird təhsil alır.