Ekspert: "Real qiymətləri gizlədirlər"

Ekspert:

14-08-2019 21:59 / Bu xəbər 1206 dəfə oxundu

Keçən illə müqayisədə meyvələrin qiyməti dəyişib

Dövlət Statistika Komitəsi (DSK) tərəfindən hər ay "İstehlakçı Qiymətlər İndeksi” adlı siyahı dərc olunur. 

Bir neçə cədvəldən ibarət olan siyahıda istehlak səbətinə daxil olan müəyyən məhsulların ay ərzində orta qiyməti əks olunur.

2019-cu il üçün yanvar-iyun ayları üzrə dərc olunmuş cədvəldə isə bəzi meyvə və giləmeyvələrin qiyməti əks olunmayıb. 

Qiymət cədvəlində, albalı, gilas, alça, gavalı, ərik, şaftalı, heyva, nar, xurma, qarpız, yemiş, üzüm və çiyələk kimi məhsulların qiyməti göstərilməyib.

DSK-nın məlumatında qısaca olaraq göstərilib ki, heyva və nardan başqa, digər məhsulların qiymətləri keçən ilə nisbətdə ucuzlaşıb.

İqtisadçı Toğrul Maşallı deyir ki, DSK-nın göstərdiyi nəticəni yoxlamaq üçün, bu il üçün də qiymətləri yerləşdirmək lazım idi: "Əks halda, bu heç də DSK-nin məlumatlarına inamı artırmır. DSK nəyəsə görə albalı, gilas və bəzi digər meyvələrin real qiymətlərini gizlədib. Ona görə bəzi dolayı rəqəmlər hesabına mən bu göstəriciləri hesablamağa dair qərar verdim”.

Ekspert keçən ilin müvafiq dövrünə aid olan qiymətlərdən istifadə edərək həmin meyvələrin qiymətində hansı dəyişikliklərin olduğunu araşdırıb.

Onun hesablamasına görə, 2019-cu ilin iyununda 2018-ci ilin iyununa nisbətdə albalının qiyməti 39%, gilasın qiyməti 16,2%, çiyələyin qiyməti isə 12,3% artıb. 

Araşdırmada müəyyən olunub ki, gavalının qiyməti 10,9%, əriyin qiyməti 26%, şaftalının qiyməti isə 54% azalıb.
 
Qiymətlərə gəldikdə isə, albalının iyun ayında orta qiyməti 2.03, gilasın 2.02, gavalının 1.06, əriyin 2.06, şaftalının 1.17, çiyələyin 1.90 AZN kimi göstərilib.

Ümumi olaraq albalı, gilas və çiyələyin qiymətində artım, gavalı, ərik, şaftalı, qarpız və yemişin qiymətində isə azalma müşahidə olunub.

Ekspert deyir ki, müəyyən qədər qarpız və yemişə dair razı olmaq mümkündürsə ərik və ya şaftalının real qiymətləri tam başqa idi: "Amma statistika deyir ki, qarpızın iyulda orta qiyməti 22 qəpik idi, baxmayaraq ki, yalnız bu yaxınlarda ən ucuz qarpızı 29 qəpiyə satırdılar”. 

İqtisadçı bildirib ki, hətta indi də bu qiymətlərə dair yaxşı nəsə tapmaq çətindir.///toplum.tv