Ekspert spikeri tənqid etdi: Diplomatiyada bu dərəcədə qeyri-peşəkarlıq olmaz

Ekspert spikeri tənqid etdi: Diplomatiyada bu dərəcədə qeyri-peşəkarlıq olmaz

24-09-2020 14:43 / Bu xəbər 1310 dəfə oxundu

"Ermənistan mətbuatı Azərbaycanı gülüş obyektinə çevirdi"

Rusiya Xarici işlər naziri Sergey Lavrovun Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə səsləndirdikləri sonradan nazirliyin mətbuat xidməti tərəfindən təkzib olunub. Görüş sentyabrın 23-də baş tutub.

Nazir Sergey Lavrov bildirmişdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir:

"Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

Mənbə: "Ria novosti"

Elə həmin gün Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova isə dolayısıyla nazirinin söylədiklərini təkzib edib:

"O ki qaldı Azərbaycanın media resurslarının və dövlət strukturlarının yaydığı məlumatda Rusiya Xarici işlər nazirinə istinadın korrektliyinə, sizin diqqətinizi çatdırıram ki, prinsipcə, bu sualları məlumatın yayıldığı mənbəyə ünvanlamaq istəyirəm. Ona görə də bunun üzərində dayanmayacam. Dağlıq Qarabağ münaqişəsi haqqında isə bunları deyə bilərəm. Bugünkü görüş zamanı münaqişənin nizamlanmasının daha əvvəl səsləndirilmiş baza prinsipləri müzakirə olunub. Bura Dağlıq Qarabağın status məsələsinin həlli, eləcə də ətraf rayonların azad olunması da daxildir. Bizim bu məsələ ilə bağlı mövqeyimiz yaxşı bilirsiz. Ona görə də, xahiş edirik ki, Rusiya tərəfindən edilməyən müxtəlif təfsirlərə deyil, məhz bu mövqeyə istiqamətlənin”.

Sahibə Qafarova
Mənbə: google.az

Bunun ardınca Milli Məclisin saytı Sahibə Qafarovanın Sergey Lavrovla görüşü haqda xəbərindən rusiyalı nazirin açıqlamasını çıxartdı. Ancaq bir gün keçməsinə baxmayaraq, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi bu məsələyə heç bir izah verməyib.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl baş verənləri Azərbaycan tərəfinin qeyri-peşəkarlığının nümunəsi adlandırıb:

"Diplomatiyada bu dərəcədə qeyri-peşəkarlıq olmaz. Ola bilsin ki, söhbət zamanı hansısa söz deyilsin, bu, rəsmi mövqe deyil. Rəsmi mövqe qarşı tərəfin yaydığı informasiyadır. Dünən Ermənistan mətbuatı bu məsələni əlində bəhanə edib Azərbaycanı gülüş obyektinə çevirdi. Açıq şəkildə yazırdılar ki, ürəyinizdən keçənləri yazmaqla deyil, Rusiya tamam başqa mövqedədir”.

İlham İsmayıl hesab edir ki, Azərbaycan hökuməti gərgin situasiyada aldadıcı manevrlərlə kimdənsə yaxşı olduqlarını göstərmək istəyəndə, nəticə mənfi alınacaq: "Ona görə də belə qeyri-peşəkarlıq yalnız zərər gətirir”.

İlham İsmayıl
Mənbə: Meydan TV

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sergey Lavrovun açıqlamasında Azərbaycanın xeyrinə yeni heç nə olmadığını bildirib:

"Yeni fikir Ermənistan Baş naziri Paşinyanı tənqidiydi. Mən hələ dünən Mariya Zaxarovanın Lavrovun dediklərini təkzib edəcəyini proqnozlaşdırmışdım. 2 saat sonra Zaxarovanın təkzibi yayıldı. Ancaq Lavrov həmin açıqlamanı səsləndirib, əks təqdirdə, Milli Məlisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yaymazdı. Böyük ehtimalla spiker Sahiba Qafarova görüşdən sonra Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə məlumat verib və doğru iş görüb. Çünki biz qapalı danışıqlarda nələrin baş verməsini bilməliydik. Görünür, rusların xoşuna gəlməyib ki, Azərbaycan tərəfi danışıqları açıb”.

Elxan Şahinoğlu deyib ki, oxşar situasiya Sahibə Qafarovanın Vyaçevlav Volodinlə görüşündə də təkrarlanıb:

Elxan Şahinoğlu

"Görüşdən sonra xəbər agentlikləri Volodinin Paşinyanın mövqeyini tənqid etdiyi haqda məlumat yayıb. Amma Dövlət Dumasının saytı Volodinin Paşinyanın tənqidi haqda bir cümlə də verməyib. Bir daha təkrar edirəm, Rusiya rəsmilərinin Azərbaycan tərəfinin xəbəri yayması xoşlarına gəlməyib. Yaxşı ki, Azərbaycan tərəfi məlumatı yaydı. Onsuz da biz Rusiya rəsmilərinin Paşinyana münasibətini bilirdik, amma açıq şəkildə dilə gətirmirdilər. İlk dəfədir Rusiya rəsmi şəkildə bunu Azərbaycan tərəfinə bildirirdi. Düzdür, bunlar heç nəyi dəyişmir. Çünki Paşinyandan xoşları gəlməsə də, Ermənistana tonlarla hərbi yük daşıyırlar. Məsələ ondadır ki, Ermənistan Rusiyanın Cənubi Qafqazda dayaq nöqtəsi olduğundan bu ölkədən əl çəkməyəcək”.///Meydan TV