Əlayif Həsənov vəfat edib
27-10-2023 00:27 / Bu xəbər 1213 dəfə oxundu
Keçmiş vəkil Əlayif Həsənovun vəfat etdiyi bildirilir.
Bu barədə yaxınları məlumat verib.
Onlar bildiriblər ki, Əlayif Həsənov qəfil ürəktutmasından dünyasını dəyişib.
Əlayif Həsənov 2015-ci ildə Vəkillər Kollegiyasından uzaqlaşdırılmışdı.
O, son günlər Vəkillər Kollegiyasının sədri Anar Bağırovu kəskin tənqid edirdi.
Əlayif Həsənov vəkillik fəaliyyətinə xitam verilməsinin siyasi sifariş olduğunu deyirdi.
O, vəkillikdən kənarlaşdırılmasının qanunsuz olduğunu bildirmiş və Ali Məhkəməyə müraciət etmişdi, amma məhkəmə Həsənovun şikayətini təmin etməmişdi.
Əlayif Həsənov yerli məhkəmələrin qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.
Ə.Həsənov deyirdi ki, hazırda xaricdə olan hüquq müdafiəçisi Leyla Yunusun vəkili olarkən Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Kollegiya öz qərarını vəkilin məhkum edilməsi ilə əsaslandırmışdı.
Ə.Həsənovun məhkum edilməsi ilə bağlı məhkəmə hökmü Kürdəxanıdakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın şikayəti əsasında çıxarılmışdı.
Leyla Yunus vəkili vasitəsilə ictimaiyyətə açıqlamasında əvvəllər də məhkum olunmuş N.Hüseynovanın onun saxlanıldığı kameraya məqsədli şəkildə salındığını bildirmişdi.
Hüquq müdafiəçisi həmçinin həmin qadın tərəfindən döyüldüyünü bildirirdi. N.Hüseynova buna görə vəkili məhkəməyə vermiş, onun barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə hökm çıxarılmasına nail olmuşdu.
Əlayif Həsənov vəkillik fəaliyyətinə xitam verilməsinin siyasi sifariş olduğunu deyib.
Son 10 ildə ölkənin tanınmış bir neçə vəkili - Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Yalçın İmanov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.