Elçin Məmmədin Müalicə Müəssisəsinə yerləşdirildiyi bildirilir

Elçin Məmmədin Müalicə Müəssisəsinə yerləşdirildiyi bildirilir

14-06-2021 13:12 / Bu xəbər 745 dəfə oxundu

Anası: "Nəfəs almaqda çətinlik çəkir, yeriyə bilmir"

Həbsdə olan jurnalist və hüquq müdafiəçisi Elçin Məmmədin iyunun 12-də Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə yerləşdirildiyi deyilir.

Bu barədə Elçin Məmmədin rəhbəri olduğu "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, müalicə müəssisəsində hüquq müdafiəçisi ultrasəs müayinəsindən keçiriləcək və Hepatit C xəstəliyi ilə bağlı müəyyən təhlillər aparılacaq.

O, venanın varekoz genişlənməsi və prostatit ilə bağlı da yoxlamadan keçiriləcək.

Anası Rəhilə Məmmədli deyib ki, iyunun 8-də Elçin Məmmədin vəziyyəti qəfil pisləşib, təzyiqi düşüb: "Oğlum huşunu itirib və saxlanıldığı 16 saylı cəza çəkmə müəsissəsinin tibb məntəqəsinə məhkum yoldaşlarının köməkliyilə gətirilib. Həkimlər onun vəziyyətinə operativ müdaxilə ediblər və müvafiq iynələr vurulub. Bundan sonra onun vəziyyəti stabilləşib və özünə gəlib".

Anasının sözlərinə görə, oğlunun bronxlarında da problem var: "Nəfəs almaqda çətinlik çəkir, böyrəkləri normal funksiya yerinə yetirmir, artıq ayaqları da şişib, yeriyə bilmir. Elçin Məmməd Hepatit C xəstəsidir, həbsxana şəraiti onun səhhətinə mənfi təsir edir və onun ciddi şəkildə müalicəyə ehtiyacı var".

2020-ci il oktyabrın 17-də Sumqayıt Şəhər Məhkəməsi Elçin Məmmədi "oğurluqda” və "qanunsuz döyüş sursatı və silah saxlamaqda” təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib.

Elçin Məmməd 2020-ci ilin martından həbsdədir.

Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib.

E.Məmməd cinayət işini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir.

Amnesty İnternational, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Elçin Məmmədin həbsini pisləyiblər.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.