Elçin Quliyev: “Qəzada hansısa kənar təsirdən söhbət gedə bilməz”

Elçin Quliyev: “Qəzada hansısa kənar təsirdən söhbət gedə bilməz”

01-12-2021 11:53 / Bu xəbər 2265 dəfə oxundu

"Həlak olan hərbi qulluqçulara şəhid statusu veriləcək”

 "Hazırda qara qutunun müvafiq hissələri Baş Prokurorluqdadır. Baş Prokurorluq tərəfindən dərin təhlil işləri aparıldıqdan sonra hadisənin başvermə səbəbi daha da dəqiqləşdiriləcək”.

Bu açıqlamanı Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev noyabrın 30-da təşkil olunan brifinqdə səsləndirib.

Noyabrın 30-da Xızı rayonununda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri qəzaya uğrayıb. Nəticədə 14 hərbçi həlak olub.

Elçin Quliyevin sözlərinə görə, hazırda hadisənin başvermə səbəbi haqqında dəqiq söz demək mümkün deyil: "Ancaq onu deyə bilərik ki, hansısa kənar təsirdən söhbət gedə bilməz”

DSX sədri bildirib ki, helikopterin pilotu – polkovnik Füzuli Cavadov ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlardan biridir: "O, hələ Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Helikopter demək olar ki, yenidir və qısa müddət əvvəl onda təmir işləri aparılıb”.

Elçin Quliyev həlak olan hərbi qulluqçulara şəhid statusunun veriləcəyini söyləyib: "Azərbaycanın qanunvericiliyi bunu nəzərdə tutur”.

"Dəfn mərasimləri sabah (1 dekabr – red.) gün ərzində valideynlərlə məsləhətləşmələr aparıldıqdan sonra həyata keçiriləcək. Bu haqda müvafiq tapşırıqlar verilib. Ancaq ilkin olaraq valideynlərlə məsləhətləşməliyik”,- deyə Elçin Quliyev fikrini tamamlayıb.

Helikopter qəzasında 14 nəfərin həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


Foto: Azərtac

Bunu isə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hadisənin pilotun ehtiyatsızlığı, texniki nasazlıq, hava şəraiti, o cümlədən hər hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar istintaq tərəfindən ətraflı yoxlanılır: "Cinayət işi üzrə Baş Prokurorluğun və DSX rəhbərliyinin, eləcə də Məhkəmə Tibb, Məhkəmə Texniki Yanğını və Məhkəmə ballistik ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. O cümlədən, "qara qutu”nun götürülməsi təmin edilməklə hadisənin tədqiqi aparılır. Eyni zamanda, Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX əməkdaşlarından ibarət istintaq qrupu yaradılmaqla zərərçəkmiş Emin Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, müvafiq ekspertizalar aparılıb, zəruri sorğular verilib”.(Meydan TV)