Eldar Həsənovun işi üzrə istintaq yekunlaşır

Eldar Həsənovun işi üzrə istintaq yekunlaşır

31-05-2021 15:28 / Bu xəbər 836 dəfə oxundu

Keçmiş səfirin vəziyyətinin ağır olduğu deyilir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun işi üzrə istintaq yekunlaşmaq üzrədir. 

Bu barədə Meydan TV-nin sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"İstintaq artıq yekunlaşmaq üzrədir. İstintaqın nəticələri barədə yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcək”, - prokurorluqdan bildirilib.

Keçmiş səfirin vəkilləri deyir ki, onun sağlıq durumu ağır olaraq qalır. Eldar Həsənovun təcili müalicəyə, hətta cərrahiyyə əməliyyatına ehtiyac duyduğunu deyən vəkillərin sözlərinə görə, vaxt ötdükcə, onun həyatına təhlükə də artır.

Mayın 7-də Avropa İnsan Haqları Məhkəməsi Qaydaların 39-cu maddəsinə uyğun olaraq, Eldar Həsənovun stasionar qaydada DTX-nın Tibb Hospitalına yerləşdirilməsi, zəruri müayinə, cərrahiyyə əməliyyatı aparılması barədə qərar qəbul edib. 

Avropa Məhkəməsində hökuməti təmsil edən Çingiz Əsgərov qərarın ləğvini istəyib. Lakin Avropa Məhkəməsi onun xahişini rədd edib, qərar qüvvədə qalıb.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 

12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. 

Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onun vəkili Adəm Məmmədov bir müddət əvvəl yaydığı açıqlamada Eldar Həsənovun həbsini qisasçılıq cəhdi kimi qiymətləndirmişdi. 

Vəkilin sözlərinə görə, həbsin səbəbi Eldar Həsənov Baş prokuror vəzifəsində işlədiyi dövrdə baş verənlərdən qaynaqlanır: "Səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə budur ki, həbsinin səbəbi hazırda respublikada nüfuzlu bir şəxs ilə Eldar müəllim Baş prokuror olduğu dövrdə aralarındakı işçi münasibətlərin gərginləşməsinin qisasıdır”.