“Elə sərgəştəyəm, heç yerdə məkanım yoxdur...”

“Elə sərgəştəyəm, heç yerdə məkanım yoxdur...”

12-01-2021 17:24 / Bu xəbər 1205 dəfə oxundu

Ənnağı Hacıbəyli

Hər kəsin həyat hekayəsi var. Acılı-şirinli, mənalı-mənasız, uzun-qısa, şərəfli-şərəfsiz, şəxsi-ictimai. Hərə ömrünü bir cür yaşayır, bir cür başa vurur. Hüqo demişkən, hər kəsin fəlsəfəsi necədirsə, həyatı da elədir. 

Deyəsən, qocalıram. Son vaxtlar tez-tez dayanıb arxaya baxıram. İlğımlar içində itib-batan ömür yolu bəzən həddən artıq uzun, bəzən bir göz qırpımı kimi gəlir adama. 

Yaşananları xatırlayanda adamın gözləri qaralır. Məncə, hamı belədir: kiminin gözləri yüksəklikdən baxdığına, kimininki isə alçaqlıqdan qaralır. Hətta elələri də var ki, deyə bilər: nə fərqi var...

Bəsirət gözümü açanda kolxozu gördüm: pambıq "pripiskaları”, beşinci sinifdən məktəblərin bağlanması, hamının "ağ qızıl” köləliyi, bu aralar yolların bağlanması, insanların "pambıq rezervuarlarına” qapadılması...

Orta məktəbi bitirib paytaxta gəldim. Bir neçə ilim qəbul imtahanlarında "bal toplamaqda” keçdi; bizdə məhsul bayramları həmişə dəbdə olub. Hər yerdə rüşvətxorluğa qarşı mübarizə getsə də, təhsil yaddan çıxmışdı. Nəhayət, qəbul olundum, təhsili başa vurdum və başladım iş axtarmağa. Təyinat yerimi satmışdılar...

Hüquq fakültəsində altı il müəllim ştatı gözlədim, açıldı və onu da satdılar...

Sonra bir neçə il dövlət qulluğu. Birdən başımızın üstünə bir bazar təfəkkürlü adamı gətirib çıxartdılar. Dövlət qulluğunu məndən xilas elədi. Doğal hadisə idi – xəstə orqanizm sağlam əzanı qəbul eləməz...

On beş il vətəndaş cəmiyyətində çalışdım. Beynəlxalq görüşlər, onlarla kitablar, yüzlərlə tədbirlər. Məhkəmələrdə, başqa dövlət orqanlarında olan qanunsuzluqlarla bağlı çoxsaylı hesabatlar. Həmfikirlərlə birgə yüzlərlə gəncin hüquqçu kimi yetişməsinə, vətəndaş cəmiyyətinin gəlişməsinə, çağdaş demokratik qanunvericiliyin formalaşmasına yönəlik çalışmalar. 

Bizi düşmən elan edib təşkilatlarımızı qapatdılar. Kimini həbsə atdılar, kimini illərlə istintaqda və məhkəmələrdə süründürdülər. Hətta vəkilliklə məşğul olmaq haqqımızı da əlimizdən almaqla bir daha əl-qolumuzu bağladılar. 

Əsəb gərginlikləri, sarsıntılar, fiziki və mənəvi ağrılar...

Yavaş-yavaş təklənmək, dostların seyrəlməsi və tükənməsi. Ölkədə hökm sürən qanunauyğunluqlar kimsəni qınamağa mübahisəsiz haqq vermir. Hamı mümkün qədər problemsiz yaşamaq istəyir...

Əslində, söhbət kimsəni günahlandırmaqdan getmir. Bu yolu biz özümüz seçmişik. Bu yolun doğruluğuna gərəkliyinə, şərəfli yol olduğuna inanaraq. Bu yol ölkəsini azad, insanlarını xoşbəxt, dövlətini dövlətlər içərisində öz imzası olan DÖVLƏT kimi görmək yoludur. Bu yol ən ağır, ən əziyyətli, ən şərəfli yoldur. Bu yolda əziyyət mükafatdan daha çoxdur, çox zaman ümumiyyətlə, hər hansı əvəz görmədən başa vurulan yoldur. Bu yolun özəlliyi və gözəlliyi təmənnasızlığındadır.

Bu qədər gur, aktiv həyatdan sonra bir evə qapılıb yaşamaq çox çətindir. Özünü optimist göstərmək istəyən dostlar da bilir ki, çətindir. Sən özünü realizə imkanlarını itirmisənsə və ya bu imkanları ölümünə qısıdılıbsa, gördüyün işlər ən azı sənin potensialının cüzi bir hissəsidir. Bu da əlavə əzab mənbəyinə çevrilir.

Təbii, işləmək üçün ilk növbədə fiziki sağlamlıq tələb olunur. Bir neçə göz əməliyyatı, kompüterdə işləməklə bağlı həkim qadağaları əl-qolunu bağlayanda özünü dünyanın ən gərəksiz adamı kimi hiss eləyirsən...

Hərdən düşünürəm ki, gedib kəndin kənarında bir balaca ev tikib hər şeydən və hamıdan uzaqlaşım. Bunu da eləmək asan deyil. Tutaq ki, mümkün oldu, hər şeydən və hamıdan da qaçdın, özündən ki, qaça bilməyəcəksən!

Özündən qaçmaq intihar deməkdir. Bizim isə belə bir fikrimiz yoxdur. 

Bu yazını ümidsizlik kimi anlayanlara isə demək istəyirəm ki, bizim yolumuzun bir devizi var: öldü var, döndü yoxdur.
 
Biz qazdığımız tunelin axırında həmişə işıq olub. Yenə də olacaq, mütləq olacaq, olmaması mümkün deyil...