"Elə yaşa ki, virus tutanda…"

08-07-2020 12:59 / Bu xəbər 1442 dəfə oxundu

Müəllif: Çingiz Sultansoy 

Mirşahin Ağayevin xəstələnməsi xəbəri feyk məlumat da ola bilər. Xəbərin mənbəyi tək özüdür, onun xəstələnməsini təsdiqləyən başqa, etibarlı və müstəqil mənbə hələlik yoxdur. Ağayev yalan danışmağı ilə özünü hörmətdən salıb, etibarını itirib. Həmişə yalan danışan adamın sözünə bu dəfə niyə inanmalıyıq ki? Belə bi xəbəri yaymaqda özü üçün bir fayda güdməsini istisna eləmək olmaz. Xəbəri yoxlamaq lazımdır, bunu edən olmayıb hələ. 

"Elə yaşa ki, virus tutanda…"

Tutaq ki, xəbər doğrudur, xəstələnib. Bu halda Facebookda gülüşlə qarşılayan, sevinən insanlar və onlara münasibət məsələsi. Bəri başdan deyim ki, Mirşahinin nə xəstələnməsini, nə də xəstəlikdən ölməsini istəyirəm, ölümünə sevinmərəm. Ancaq sevinənləri qınamaqdan da çox uzağam. Səbəbini izah edəcəyəm. 

Bu məsələdə mövqeyim tanınmış vəkil Şəhla Hümbətovanın yazdığı və payıaşdığım "Elə yaşa ki, virus tutanda insanlar "Allah virusa güvvət versin!" yox, "Allah şəfa versin!" desinlər” statusunda ifadə olunub artıq.

Mənim frendlentimdə Ağayevi qınayan, təhqir edən, söyən, lağa qoyan statuslar və şərhlər onu müdafiə edənlərdən dəfələrlə çoxdur. Mirşahini müdafiə edən, onun xəstələnməsinə sevinən insanları qınayan cəmi üç status və şərhlərini oxudum. 

Real həyatdan tanıdığım, hörmət elədiyim, dost bildiyim həmkarım, jurnalist Elçin Alıoğlu Ağayevi müdafiə edən status yazdı: "Xəstə insana qarğış ünvanlamaq, ona ölüm arzulamaq şüur cılızlığı, əxlaqsızlıq və mənəviyyatsızlıqdır". „Mir Şahinə nifrin yağdıranlar da onun şüurunun, əməlinin çəkisindən qorxanlardı".

"Xəstəliyə sevinmək, Allahın işinə qarışmaqdır?” 

Bu məsələdə Elçinin bir çox frendi və dostu onun kimi düşünmürdü - statusa xeyli etiraz yazılmişdi. 

Ağayevin xəstələnməsinə sevinənlər haqqında iki başqa statusu da gözdən keçirdim. Tanıdığım, qələm əhlindən olan bir həmkarım yazıb ki "İnsanları belə görmək ağırdır",  kommentlərdə  "Kimliyindən asılı olmayaraq insanın xəstələnməsinə sevinmək olmaz”,  "insanın əzab çəkməsi İnsan olanı agrıtmalıdir”, "Düşmən olanda da mərd olasan gərək”.  Bir başqa yerdə oxudum ki, „Mirşahin 500 jurnalist yetişdirib, hörmətə layiqdir".  Bir dostluğumda olan xanım da mənə yazıb ki, "xəstəliyə sevinmək, Allahın işinə qarışmaqdır”.
 
Mirşahinə kim inanar

Bu gətirdiyim sitatların hamısında həqiqət var, amma həqiqətin hamısı deyil. Önəmli, çıxarıklan nəticəyə təsir edəcək məqamlar bilərəkdən ya bilməyərəkdən nəzərdən qaçırılıb. Bütün bu fikirlər barədə danışaq.

Əvvəla, Mirşahinin şüurunun, əməlinin çəkisi qalıb ki, ondan qorxan da olsun? Bi vaxtlar istedadlı jurnalist, iti qələm sahibi şərə xidmət eləməklə, yalan və böhtanları ilə özünü o günə saldı ki, indi üstündən tüpürcək süzülür. Belə də olmalı idi gec-tez. Yalan danışmaq, müxalifətə, vətəndaş cəmiyyəti üzvlərinə qara yaxmaq kimə hörmət gətirib ki? Hörmət bir yana, kim inanar belə adama?

500 jurnalist yetişdirib? Haradadı o 500 nəfər? Necə yetişdirib? Onlara da yalan danışmaq, böhtan atmaq, qara yaxmaq öyrədib?  Bu yaxşı bir işdirsə, niyə indi M.Ağayev  bu gündədi? Maddi durumunu demirəm, pulu, əmlakı var. Niyə hörməti, nüfuzu yoxdu, verilişlərinə baxan yoxdu, inanan yoxdu? Elin gözü tərəzidir.  

O 500 nəfər yalan danışmırsa, onda heç Ağayevin tələbələri deyil, özləri yetişiblər. Yox, əgər onun kimi yalan danışırlarsa, öyünməyə dəyməz.  

"Zülmə bəraət qazandırmaq,  zülm eləməkdən betərdir”

Və nəhayət, Allahın işinə qarışmaq məsələsi. Azərbaycan vətəndaşı qanunsuzluq, zorakılıq, zülm, şər-böhtan, haqsızlıq, yalan, əclaflıq, alçaqlıq, işgəncə, şəxsiyyətinin aşağılanması və s. mühitində  yaşayır. Bir çox insanın qarnı acdır, amma məmurların və uşaqlarının toxluğu bir yana, haram var-dövləti, harınlığı göz çıxarır. Niyə belə olmalıdır? 

Heç bəy-xan bunların elədikləri qələtləri eləmirdi. Özü də onlar bəy-xan idi axı, Allah onlara bəy-xanlığı qismət eləmişdi, titullarını və mülklərini döyüş meydanlarında qazanmışdılar. Daha var-dövlətləri bunlarınkı kimi oğurluqla, rüşvətlə, haramla yığılmamışdı. Bəs bu harınlaşmışlar kimdir? Dünən kim idilər? Nə tez unutdular dünəni?..

Sözüm ondadır ki, zülmə, haqsızlığa, işgəncəyə, aşağılanmağa bəraət qazandırmaq, adamın üzünə baxa-baxa ağ yalan danışmaq bunları eləməkdən də betərdir. Mirşahin Ağayev bunu edib, edir də. „Tələbələrinə" də öyrədib. Ona görə minlərlə, on minlərlə, bəlkə daha çox adamın nifrətini və həqarətini qazanıb. Haqq edib.

Ölkənin durumu məlum. İnsanlar zülm, haqsızlıq, işgəncə, aşağılanma içində uzun illərdir yaşayır. Bu vəziyyət uzun müddətdir davam edir. Zülm edənlər, işgəncə verənlər cəzalandırılmır,  zülmkara etiraz edən isə şiddətlə cəzalandırılır.  Elmar Hüseynov, Alim Kazımlı, Mehman Qələndərov kimi öldürülür, Tofiq Yaqublu, Tale Bağırzadə, Xədicə İsmayıl və yüzlərlə başqaları kimi həbsə atılır. İllərlə. Və belə halda bir çox insan Allaha, ilahi ədalətə şübhə eləməyə başlayır. Başlayır yox, artıq şübhə edir. İnanmır. 

"İlahi ədalət varmış?!"

Pandemiya gəlir. Yalan deyən, zülmə bəraət qazandıran birdən xəstələnəndə sıravi insan bunu təsadüf yox, məhz Allahın bir cəzası kimi qəbul edir. İnsanın ilahi ədalətə sarsılmış inamı bərpa olunur. Və sadə, sadəlövh, hətta bəsit insan Ağayevin xəstələnməyini Allahın cəzası kimi, ilahi ədalət kimi qəbul edirsə, inamı bərpa olunursa, niyə sevinməsin ki? „Demə, ilahi ədalət varmış?!", - düşünür. Ona görə mən sadə insanları tam anlayıram,  onlar kimi sevinməsəm də.

Mən istəmirəm Mirşahin Ağayev xəstələnsin, ölsün. Mən istəyirıəm sağalsın!  İstəyirəm mənə, sizə, bizim hamımıza zülm, haqsızlıq, əclaflıq, alçaqlıq edənlər, işgəncə verənlər, şər-böhtan atanlar yoluxub ölməsin. Ta səhvlərini, qəbahətlərini, cinayətlərini anlayana, boyunlarına alana kimi. Məhkəmə qarşısında olsa daha yaxşı. Cinayət varsa, cəza da olmalıdır. Ağayev çox cinayət edib – şər atıb, böhtan atıb ləyaqətli, dürüst, haqqı deyən, haqq uğrunda mübarizə aparan insanlara. Özü də yaxşı bilir bunu, ağıllı-savadlı adamdır. 

Mən ona və onun kimi yalanla-haramla pul qazananlara cəza istəmirəm. Daha doğrusu, məsələ cəzada deyil. İstəyirəm onlar günahlarını anlasınlar, tövbə eləsinlər. Əsas budu. Ümid azdı, bilirəm. Amma cinayətkara heç kim cəza verməyəndə hətta gözləyən, sonda cəza verən Allahın tövbə qapısı da hamişə açıqdır!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.