Elektron Məhkəmənin Kabinet zülmü

Elektron Məhkəmənin Kabinet zülmü

28-11-2021 11:42 / Bu xəbər 4045 dəfə oxundu

Nəzrin Şükürlü

Ötən bazar bir qrup gənc toplanıb, xeyli müddətdir istifadəyə verilmiş Elektron Məhkəmə Portalında özümüzə kabinet açaq dedik. Kaş ki, deməz olaydıq. 

İnformasiya əldə etmək haqqında Qanuna görə, informasiya əldə olunmasının əsas prinsiplərindən biri onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, ən qısa zamanda və ən münasib üsulla təmin edilməsidir. Portalda bunun tam əksinin şahidi olduq. Texnologiyadan az-çox başı çıxan gənclər olmağmıza baxmayaraq, bu iş bizim qızıl kimi vaxtımızdan nə az, nə çox bir saata yaxın vaxt aldı. 

Əvvəlcə kabinetə giriş hissəsindən qeydiyyatdan keçmək lazım idi. Qarşımızda üç seçim qoyulmuşdu: Şəxsiyyət vəsiqəsi ilə, Asan imza ilə, Elektron imza ilə.

Daha asan olacağını düşünüb, birincini seçdik. İlk zülm də elə buradan başladı. Yeni - AA seriyalı səxsiyyət vəsiqəsi ilə qeydiyyatı aşmaq istəyənlər həmin adda sənədin tapılmaması problemini yaşadılar. Bir neçə cəhddən sonra problemi həll etmək mümkün oldu. İkinci mərhələdə da Portal bizdən istifadəçi adı və parol istəyirdi. Kimlər üçünsə bu mərhələ asan keçilən olmadı: istifadəçi adı üçün xeyli tələblər qoyulmuşdu; məsələn, indiyə qədər istifadə olunmuş ad seçəndə, qeydiyyatı davam etdirmək olmurdu. Və ya istifadəçi adının yazılışında boşluqdan, simvollardan istifadə qadağan idi (eyni adın olmasının, ya da ki, ad yazılışında hərf və ya sözlər arasında boşluğun ədalət mühakiməsinə nə ziyanı ola bilərdi ki?).

Nə isə... Portalda qeydiyyatdan keçmək üçün bir saata yaxın davam edən çabalarımızdan sonra ekrana "Qeydiyyat tamamlandı" bildirişi çıxdı. Amma sevincimiz çox çəkmədi. Sən demə, görəcəklərimiz hələ qabaqda imiş. Portala giriş üçün elə şeylər tələb edilirdi ki, adam özünü təhqir olunmuş sayıb, bu işin başını buraxmaq istəyirdi: Giriş komandasını basanda ekranda əndrəbadi dildə yazılmış belə bir məlumat peyda olurdu: "İstifadəçi adı və email ilə giriş etmək üçün qeydiyyatda istifadə etdiyiniz email ünvanına göndərilən e-kabinetin elektron poçt ünvanının təsdiqlənməsi məzmunlu məktubundakı keçidə daxil olun. Qeydiyyatınızı təsdiqləmək üçün ərizəni dolduraraq şəxsiyyət vəsiqənizin skan surəti ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərilməsi zəruridir. Elektron şəxsi kabinetdə qeydiyyatı təsdiqləmək üçün ərizə formasını endirin.” 

Bir neçə dəfə oxuduqdan bunları başa düşdük: ərizəni çap etməli, doldurub imzalamalı, sonra onu skan etməli və şəxsiyyət vəsiqəsinin surətinin skan versiyası ilə birlikdə göstərilən elektron poçt ünvanına göndərməliydik. Portalda qeydiyyat üçün əsl mücadilə yapanlar ora-bura qaçışırdılar: ərizəni çap etmək üçün printer axtarışına çıxan kim, onu skan etdirmək üçün qapıları gəzən kim, bütün bunları portala necə göndərmək üzərində baş sındıranı kim... Sonda bunu da bildik.

Tələb olunan məlumatları mail vasitəsilə ünvanına göndərdik. Ardınca dinc durmayıb, hamıya çatımlı olmalı dövlətin bir informasiya məkanında qeydiyyatdan keçmək üçün bu cür qəliz prosedurlar fikirləşməyin hansı zəruriyyətdən irəli gəldiyi barədə Portala sual da göndərdik. Bütün bunlar ötən bazar günü olmuşdu, üstündən bir həftə keçib, hələ ki nə sualımıza cavab ala bilmişik, nə də Portaldakı kabinetimizi görə bilmişik. 

Halbuki başqa ölkələrdə oxşar dövlət portallarına giriş adamın maksimum bir neçə dəqiqəsini ala bilər. Ya da 50-yə yaxın ölkəni əhatə edən Avropa Şurası və ya Avropa Məhkəməsinin saytına (adına portal da deyə bilərsiniz) daxil olmaq, oradan hər hansı məlumatı götürmək üçün hər hansı qeydiyyata gərək yox. Çatımlığı bu qədər əziyyətli olan bir Portalın nə dərəcədə effektiv işlədiyi də sual altındadır...

Məhkəmənin saytına girişi bu cür həngamədirsə, yəqin zallarına girişi ayrıca bir tamaşadır. Gərək, gedəm yoxlayam.