Ələsgər Məmmədli hospitala aparılıb, qaytarılıb

Ələsgər Məmmədli hospitala aparılıb, qaytarılıb

30-04-2024 01:04 / Bu xəbər 697 dəfə oxundu

"Toplum"nin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin aprelin 26-da Daxili İşlər Nazirliyinin (DİN) hospitalına köçürülsə də, saatlar sonra yenidən 1 saylı Bakı İstintaq Təcridxanasına qaytarıldığı bildirilir.

Bu barədə qardaşı Nəsimi Məmmədli məlumat verib. Onun sözlərinə görə, aprelin 24-də Xətai rayon Məhkəməsində istintaq orqanı Ə.Məmmədlinin hospitala yerləşdirilməsi məsələsini öz üzərinə götürüb: 

"Aprelin 26-da Ələsgəri DİN-in hospitalına köçürüblər. Deyiblər ki, müayinə olunacaq və, yəqin ki, orada qalacaq, çünki prosedur belədir. Hospitalda qardaşımın qan analizini götürsələr də, biopsiya prosedurunu həyata keçirməyiblər. Bir neçə saatdan sonra heç bir səbəb göstərmədən onu yenidən istintaq təcridxanasına qaytarıblar".

N.Məmmədli qeyd edib ki, Ə.Məmmədlinin səhhətində olan problemlər qalır: "Boğulmalar var, vəziyyəti heç də yaxşı deyil. Həm də narahatdır ki, qalxanabənzər vəzində şiş getdikcə böyüyür".

Vəkil Aqil Layıc da "Turan"a bildirib ki, müdafiə tərəfi məhkəməyə verilən ev dustaqlığı ilə bağlı vəsatəti Ə.Məmmədlinin hospitala köçürülməsi vədindən sonra geri götürüb: "Bir neçə gün gözləyəcəyik. Ələsgər bəy hospital köçürülməyəcəyi təqdirdə yenidən ev dustaqlığı üçün müraciət edəcəyik. Onun səhhətindəki problem müalicə tələb edir, o da həbs şəraitində mümkün deyil".

Bütün bu açıqlamalara, hələlik, DİN və başqa rəsmi tərəflərdən münasibət almaq mümkün olmayıb.

Ələsgər Məmmədli ilə bağlı vəsatət geri götürülüb, səbəb...

Aprelin 24-də Xətai rayon Məhkəməsində "Toplum" İnternet Televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb.

Bu barədə "Turan"a vəkil Aqil Layıc məlumat verib. 

Onun sözlərinə görə, Ə.Məmmədli prosesdə bildirib ki, bu, hüquqdan daha çox humanitar məsələdir: "Biz dəfələrlə Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət etmişik ki, Ələsgər bəyin hospitalda müalicə almasına şərait yaradılsın. Hətta istintaqı aparan orqan - Daxili İşlər Nazirliyinə müraciət etmişik ki, nazirliyin hospitalında müalicə almasına şərait yaradılsın. Məhkəmədə də onu bildirdik".

A.Layıc qeyd edib ki, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin məktubu var və həmin məktubda Ə.Məmmədlinin heç bir problemi olmadığı göstərilir: "Bu, yalandır. Ələsgər bəy həbs olunmazdan əvvəl müayinəyə getmişdi, çünki onun qalxanabənzər vəzində şiş getdikcə böyüyürdü. Bu məsələləri də biz məhkəmədə bildirdik".

Vəkilin sözlərinə görə, məhkəmədə istintaq orqanı bu məsələlərin həllini öz üzərinə götürüb və bu səbəbdən müdafiə tərəfi vəsatəti geri çəkib.

Hələlik, bu açıqlamaya Daxili İşlər Nazirliyi və başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.

Ələsgər Məmmədlinin səhhəti ağırlaşıb

"Toplum" İnternet Televiziyasının təsisçisi, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan Ələsgər Məmmədlinin səhhətinin pisləşməkdə davam etdiyi bildirilir.

Bu barədə aprelin 8-də onunla görüşən qardaşı Nəsimi Məmmədli məlumat verib. Qardaşının sözlərinə görə, Ə.Məmmədli çox halsız olub, kəskin baş ağrısından əziyyət çəkdiyini söyləyib: "Bütün gecəni yata bilmədiyini bildirdi. Uzanıqlı halda nəfəs almağa çətinlik çəkir. Boğazındakı şişə görə boğulma hissi ona normal yatmaq imkanı vermir. Qalxanvarı vəzinin boyun hissəsində 23 millimetr ölçüdə düyün var. Qan təzyiqi 90-170 arasında yüksəlib".

N.Məmmədli deyib ki, bir həftə öncə qardaşından qan analizi götürülüb. Onun vurğulamasına görə, götürülmüş qan analizinin nəticəsində bəzi problemlər üzə çıxıb: "Amilaza analizi çox yüksək, 333 olub (norma 220-dən az olmalıdır), xolesterinin miqdarı 250 olub (norma 200-dən az olmalıdır). Bundan əlavə, mədəaltı vəzidə problem aşkara çıxıb. Həkimlər yenidən müalicə təyin ediblər və ona yeni dərmanlar veriləcək".

Müdafiə tərəfi hətta Ə.Məmmədlinin səhhəti ilə bağlı ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət də edib. Amma martın 29-da Xətai Rayon Məhkəməsi vəsatəti təmin etməyib.

Ə.Məmmədli bu il martın 8-də saxlanıb. Martın 9-da Xətai Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. 

O, qrup halında qaçaqmalçılıqda ittiham olunur. Ə.Məmmədli ittihamı qəbul etmir.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında "Toplum” İnternet Televiziyasının əməkdaşı da olmaqla 20-ə yaxın jurnalist, ictimai fəal həbs edilib. Onların çoxu qaçaqmalçılıqda ittiham edilirlər.

Həmin şəxslər də ittiham ilə razılaşmır, onu peşə fəaliyyətləri ilə bağlı, siyasi hesab edirlər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.