Ələsgər Məmmədli: "Məsuliyyət hökumətin üzərində qalacaq”

Ələsgər Məmmədli:

29-03-2021 14:30 / Bu xəbər 1210 dəfə oxundu

"Görüntülər siyasi məqsədlə yayılıbsa, hüquq-mühafizə orqanları, xüsusilə də siyasi hakimiyyət ciddi tədbir görüb bunu ortaya çıxarmalıdır. Əks halda bütün məsuliyyət hökumətin üzərində qalacaq”.

Bunu "Toplum TV”-yə hüquqşünas Ələsgər Məmmədli deyib.

Sosial şəbəkədə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid olduğu iddia edilən intim görüntülər yayılıb.
 
Bu barədə martın 28-də C.Həsənli şəxsi "Feysbuk” hesabında paylaşım edib.

O bu görüntülərin yayılmasında Azərbaycan hakimiyyətini ittiham edib.

Ə.Məmmədli şəxsi həyatın toxunulmazlığını hüquqi baxımdan şərh edib: "Konstitusiyanın 32-ci maddəsində şəxsi həyatın qorunması ilə bağlı konkret olaraq dövlətin öhdəlikləri sadalanıb və hər bir insanın şəxsi həyatının təminat altında olduğu vurğulanıb. Yəni bu, dövlətin öhdəliyidir ki, insanların şəxsi həyatına hər hansı müdaxiləyə icazə verməsin və belə bir hadisə baş verdiyi halda buna uyğun tədbir görülsün. 

Bundan başqa, Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə, şəxsi həyata müdaxilə, şəxsi həyata dair görüntülərin çəkilməsi, əldə olunması və yayılması və sairə çox açıq şəkildə cinayət məsuliyyəti yaradır. Əgər bu, hansısa vəzifəli şəxslərin qulluq mövqeyindən istifadə etməsi nəticəsində baş verərsə, o zaman bu məsuliyyətin dərəcəsi artır və 2 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilir. Bunlar məsələnin hüquqi tərəfidir. Əxlaqi və mənəvi qisminə gəldikdə isə, Cəmil Həsənli siyasətlə məşğuldur, onu bu yolla siyasətdən çəkindirmək çox yanlış metoddur və tərs nəticə verir. Bütün cəmiyyət bu tip davranışları qınayır və buna nifrət edir. Əgər görüntülər siyasi məqsədlə yayılıbsa, hüquq-mühafizə orqanları, xüsusilə də siyasi hakimiyyət ciddi tədbir görüb bunu ortaya çıxarmalıdır. Əks halda bütün məsuliyyət hökumətin üzərində qalacaq”.