Ələsgər Məmmədli: ""Super" Nazirliyə mediaya barmaq silkələmək səlahiyyəti verildi"
09-02-2022 12:32 / Bu xəbər 910 dəfə oxundu
"Azərbaycan mediası bütün parametrlərlə 2009-cu ildən geridədir"
"Azərbaycanda medianın imkişafına və fəaliyyətinə ciddi problem yaradacağını düşündüyüm "Media haqqında" Qanunu imzalanaraq qüvvəyə mindi. "Super Nazirlik" statusunda olan MEDİA Agentliyinə də mediaya və jurnalistlərə barmaq silkələyən xeyli əlavə səlahiyyətlər veriblər", - bunu media eksperti Ələsgər Məmmədli deyib.
"Azərbaycanda elə atalar sözləri var ki, illərin süzgəcindən süzülüb, formalaşıb. Bunlardan biri də "Bir müsibət min nəsihətdən irəlidir" deyimidir. 3 aprel 2009-cu ildə Prezident fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu təsis ediləndə az-çox media azadlığını, funksiyasını dərk edən kəslər: "bu formatla medianı inkişaf etdirmək olmaz, bu ələbaxımlılığı artırar və müstəqilliyi yox edər" - deyəndə dərhal Fondun Nizamnaməsinin 1-ci bəndindən bu nümunəni təkrarlayırdılar:
"Fondun əsas məqsədi Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra – layihələr) və digər tədbirləri maliyyələşdirməkdir", - ekspert qeyd edib.
Onun sözlərinə görə, Fondun yaradılmasından 13 il keçib: "Fondun Prezident tərəfindən təyin olunan və 12 il başında duran icraçı direktoru hazırda 10 il 6 ay həbs cəzasına məhkum edilib. Onun Fondun 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəməsi, cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırılması yönündə təqsiri olduğu bildirilib. Media inkişaf etdimi? Xeyir. Hazırda Azərbaycan mediası bütün parametrlərlə 2009-cu ildən geridədir. Bu müsibətdən nəsihət almayanlar yenidən KİVDF-dən daha çox səlahiyyətli və qanunla daha çox "silahlanmış" bir qurumla 12 ildə dövlət dəstəyi ilə əvvəlki yerinin də gerisində qərarlaşan medianı guya düşdüyü bu çuxurdan çıxaracaq. Nafilə! Bu dəfə Azərbaycan mediası düşdüyü çuxurdan kor quyuya itirildi. Demək ki, bir müsibət yetmədi!.."
Fevralın 8-də Prezident İlham Əliyev "Media haqqında” Qanunu təsdiqləyib.
İlham Əliyevin bu barədə imzaladığı fərman özündə "Media haqqında” Azərbaycan Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsini əks etdirir.












