Ələsgər Məmmədlinin apelyasiya şikayəti təmin edilməyib
01-06-2024 23:37 / Bu xəbər 728 dəfə oxundu
Mayın 31-də Bakı Apellyasiya Məhkəməsində "Toplum" TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin şikayətinə baxılıb.
Bakının Xətai Rayon Məhkəməsi mayın 24-də Ələsgər Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət təmin etməmişdi.
Bakı Apelyasiya Məhkəməsi həmin qərardan verilmiş şikayəti təmin etməyib.
Vəkil Fəxrəddin Mehdiyev açıqlamasında bildirib ki, Ələsgər Məmmədli barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün hüquqi əsas yoxdur: "Verilən ittihamda ittihamı təsdiq edən sübut və dəlil mövcud deyil. Digər məsələ isə prosessual əsas mövcud deyil. Məlum olduğu kimi, həbs qətimkan tədbiri müstəsna prosessual məcburiyyət tədbiridir. Bu yalnız təqsirləndirilən şəxsin şəxsiyyəti, səhhəti, ailə vəziyyəti nəzərə alınmaqla belə bir qərar qəbul oluna bilər. Bizi əsas narahat edən Ələsgər Məmmədlinin səhhəti ilə bağlı məsələdir. Heç olmasa, humanitar bir tədbir kimi onun ev dustaqlığına buraxılması, müalicəsi ilə məşğul ola bilməsi üçün vəsatət qaldırmışıq. Biz buna müdafiə tərəfi olaraq nail ola bilmirik".
Vəkil Aqil Layıc bildirib ki, Ələsgər Məmmədlinin səhhəti pisləşməkdə davam edir: "Pentensiar Xidmətin Tibb Müəssisəsinin biopsiya əməliyyatlarını keçirmək üçün maddi-texniki bazası yoxdur. Buna uyğun cavab vermirlər ki, biz növbəti addımları ataq. Qanunun tələblərinə görə, şəxsin saxlanıldığı müəssisədə müalicə və müayinə aparmaq mümkün olmadıqda, şəxs öz maddi hesabına seçdiyi müalicə müəssisəsində müalicəsini davam etdirə bilər. O cavabı da bizə vermirlər, müayinənin nəticələrini də yazmırlar və absurd bir bəyanat şəklində məktub ünvanlayıblar ki, şəxsdə onkoloji proseslər aşkar edilmədi. Bu tibbi protokol qaydalarına ziddir".
Penitensiar Xidmət rəsmi olaraq Ələsgər Məmmədlinin səhhəti ilə bağlı məlumatlara hələ münasibət bildirməyib.
Penitensiar Xidmətin Müalicə Müəssisəsi isə məlumat almaq üçün nəzərdə tutulan telefonlarına cavab vermir.
Ələsgər Məmmədli martın 8-də saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bundan əvvəl, martın 6-da "Toplum TV" və Demokratik Təşəbbüslər İnstitutunun daha 7 əməkdaşı saxlanılıb.
Onlardan 5-nin barəsində həbs qətimkan tədbiri seçilib, daha ikisi polis nəzarətinə verilib.