Ələsgər Məmmədlinin notarius xidmətlərindən istifadəsinə imkan verilmir
13-08-2024 17:42 / Bu xəbər 640 dəfə oxundu
Ələsgər Məmmədli istintaq təcridxanasında dərman qəbul etsə də, qan təzyiqini sabitləşdirmək mümkün olmur.
Bu barədə "Turan"a qardaşı Nəsimi Məmmədli danışıb.
Onun sözlərinə görə, Ələsgər Məmmədlinin qapalı məkanda saxlanılması ona bir sıra ciddi problemlər yaradıb: "Qalxanabənzər vəz şişi hələ də nəfəs almağı çətinləşdirir".
"Asan İmza" elektron imzası və Ələsgərin şəxsiyyət vəsiqəsi istintaq orqanı tərəfindən götürülüb.
Bu, vergi hesabatını təqdim etməyə imkan vermir.
Ələsgər Məmmədli yeni "Asan İmza" almaq üçün yaxınlarına etibarnamə verməlidir.
"Lakin cəzaçəkmə yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqları haqqında qanunu pozaraq onun yanına notarius buraxmırlar", - deyə Nəsimi Məmmədli bildirib.
Onun sözlərinə görə, etibarnamə həm də Ələsgər Məmmədlinin iki övladının ali təhsil xərclərini ödəmək üçün avtomobilini satmasından ötrü lazımdır, çünki ailəsi maddi çətinlik çəkir.
Həftə ərzində vəkillər Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması üçün yeni vəsatət verməyi planlaşdırırlar.
Nə baş verib?
Martın 6-8-də ‘Toplum’ TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb.
Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs olunub, iki nəfər polis nəzarətinə verilib.
"Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunub.
Onun mənzilində axtarış zamanı guya 7300 avro tapılıb.
İyunun 14-də Xətai məhkəməsi onun özəl klinikada tibbi müayinə olunması barədə vəsatəti təmin edib.
Amma ailəsi tibbi müayinədən narazı qalıb.