Əli Əkbər üçün "Ayət-əl Kürsü"

Əli Əkbər üçün

23-01-2015 21:06 / Bu xəbər 8722 dəfə oxundu

Pərviz Әzimov

Qorxu vacib amildi. Məncə, hamı nədənsə qorxur. Qorxmasan, yaşamağın həzzi olmur. Qorxunun dərəcəsi də vacibdir. Mən də insanam, qorxuram. Məsələn, bu hakimiyyətdən qorxuram. Nəsə edə bilər, güc sahibidir, gücü ortadadır. Qorxumu gizlətmirəm. Nəsə edəndə çox vaxt qorxa-qorxa edirəm. Amma bu qorxu məni qorxutmur. 

Yəni qarşıdakının gücü bəllidir, görünəndir, isbatlanandır. Onunla üz-üzə gələndə, sənə hansı çəkidə zərbələr endirəcəyini bilirsən. Bu zərbələr elədir ki, Əli Əkbərin "Ana”sındakı Miriş lap 7 dəfə "Ayət-əl Kürsü"nü oxusa, yenə də belə zərbə endirə bilməz. 
 
Amma bir də var,  əlində real hakimiyyəti olmayanlardan qorxmaq. Bax bu, çox qorxulu qorxudur. Qarşındakın səndən istənilən anda, gözləmədiyin yerdə qorxa bilər. Mənim Əli Əkbərdən olan qorxum budur. Amma rahatam. 

Səbəb çox sadədir: bu ölkə gəncləri arasında Əli Əkbəri, Günel Mövludu, Seymur Baycanı ən çox müdafiə edən, ən çox təbliğ etməyə çalışan 2-3 gəncdən biriyəm. Buna görə nələr eşitmişəm, nələr?! Bunun qarşılığında heç birindən gözləntim yoxdur. Yaxşı şeyləri təbliğ etmək lazımdır və edirəm.
 
Əli Əkbərin son dövrlər etdiyi isə biabırçılığın, nə bilim həyasızlığın pik həddidir. Ən kiçik xronologiya ilə baxaq və görək Əli Əkbər nə edir və niyə edir?!
 
1. Əli Əkbər bu ölkənin ən vicdanlı hüquqşunası, ən dürüst QHT nümayəndəsi İntiqam Əliyevi tənqid, hətta təhqir etdi və bunu o vaxt etdi ki, hamı İntiqam Əliyevdən danışırdı.
 
2. Əli Əkbər bu ölkənin ən güclü araşdırmaçı jurnalisti Xədicə İsmayılı aşağılamağa başladı və bunu o vaxt etdi ki, hamı Xədicə xanımın haqsız həbsindən danışırdı.
 
3. Əli Əkbər bu ölkənin ən güclü bloqçusu Mehman Hüseynovu aşağıladı, təhqir etdi, saxtakar adlandırdı və bunu da o vaxt etdi ki, Mehmanın məhsuldarlığı, həll etdiyi problemlər böyük miqyas almağa başladı. 
 
Bunlar Əli Əkbərin son dönəm etdikləridir. Niyə etdikləri isə aşağıdakı kimidir: 
 
1. Əli Əkbər yuxarıda adıçəkilənlərin hamısını harasa işləməkdə günahlandırdı. Tamam, o zaman Əli Əkbər səmimi edirdisə bunları, hərəkətləri özünün Azərbaycan Tibb Universitetinin Psixatriya Kafedrasına işlədiyini ortaya qoydu. Yoxsa normal adam bunu etməz.
 
2. Əli Əkbər çox ciddi kompleks yaşayır. Yuxarıda qeyd etdiyim şəxslərin hər üçünü məhşurluqlarının pik həddində olanda aşağılayıb. Zamanlama məsələsi dəqiqdir. Əli Əkbər bu ölkədə başqasının məhşurluğunu qəbul etməyəcək qədər komplekslidir. Özünün əldə edə bilmədiyi məhşurluğu başqasına yedirə bilməyəcək qədər eqoistdir. 
 
3. Əli Əkbərin tənqid etdiyi 3 şəxsin 2-si həbsdədir, 1-i isə həbsdə olmasa da, üzərində cinayət işi var. Ancaq hər üçü mübarizəni davam etdirir. Əli Əkbərdə isə bu cəsarət yoxdur. Təhlükə hiss edən kimi çıxıb getdi. (Yaxşı etdi, öz işidi, bunun mənə dəxli yoxdur. Amma bunun özünə yedirdə bilmir, sığışdıra bilmir. Biz buna görə narahat deyilik, amma özü buna görə narahatdır, daxilən əzilir). Bu da onun kompleksi üçün başqa səbəbdir. Özündə olmayan cəsarəti başqasında görəndə, dəli olur. 
 
Əli Əkbər ölkədən çıxanda demişdi ki, heç vaxt Azərbaycan dilində əsər yazmayacaq. Gözlədi ki, xalq yalvaracaq, sən Allah, qadanı alaq, yaz. Amma kimsə yalvarmadı. Gördü variant yoxdu, özü yazdı. Yazsın, ziyanı yoxdu. Əli Əkbər yaxşı yazıçıdır, yazması yaxşıdır. Amma bütün hallarda sözünü tutmadı. Bacarmadı, kiçildi, kiçikliyini özünə yedirdə bilmədi. 

Əli Əkbər illərlə "Yeni Müsavat”a "Yeni Xürafat" dedi. Sonra nə etdi?! "Yeni Xürafat" dediyi qəzetə yazmağa başladı. 
 
Qısası, Əli Əkbər özü bu xalqın "düdük qəhramanı” olmaq istəyirdi, amma bacarmadı, başqasına da yedirə bilmir...