Əli Əliyev həbs olundu

Əli Əliyev həbs olundu

13-01-2022 16:57 / Bu xəbər 198 dəfə oxundu

Məhkəmə partiya sədri ilə bağlı qərar çıxardı

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Yasamal Rayon Məhkəməsinin qərarı ilə 5 ay azadlıqdan məhrum edilib. 

O, yanvarın 13-də helikopter qəzasından sağ çıxan iki hərbçinin həbs tələbilə qaldırdıqları iddia üzrə həbs olunub. 

DSX-nın Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti, polkovnik Emil Cəfərov və kapitan Ramin Ədilov partiya sədrinin Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə cəzalandırılmasınə və 6 ay azadlıqdan məhrum edilməsini tələb edir.

Partiya sədrinə qarşı həbs tələbinin səbəbi onun qəzadan sonra – dekabrın 9-da "Osmanqızı” internet kanalında çıxışında səsləndirdiyi fikirlərdir. 

Əli Əliyev helikopter qəzası haqda danışarkən bildirib ki, oradan sağ çıxdığı iddia olunan bu adamların əslində, orada olmasına inanmır.

O, efirdə qəzanın səbəbləri haqda danışan Emil Cəfərov və Ramin Ədilovun üzündə adi cızıq, çapıq izlərinin olmamasına diqqət çəkib: "Huşunu itirmiş, 3000 metr hündürlükdən düşmüş insanın üzündə heç bir cızıq, çapıq olmaması, yalnız bazu və said sümüyünün sınması, o adamın həmin vertolyotda olması inandırıcı deyil. Sərnişin qəzanın səbəbini bilə bilməz. Yalnız pilot – idarə edən pozuntunun uçuşda olan problem haqda ehtimal irəli sürə bilər. Bu adamlar isə məhz o məsələni vurğulayırlar. Bu da bir daha göstərir ki, onlar öyrədilib”.

Dövlət Sərhəd Xidmətinin zabitləri iddia edir ki, Əli Əliyev onların barəsində bu cür fikirlər səsləndirməklə şərəf və ləyaqətlərini alçaldıb, nüfuzlarına zərbə vurub. 

Onlar iddia ərizələrində vurğulayıb ki, Əli Əliyev faktiki onları xidmət yoldaşları və yaxın dostlarının ölümü ilə bağlı yalan məlumat verməkdə ittiham edir, cəmiyyət və kollektiv arasında nüfuzdan salır.

Noyabrın 30-da baş vermiş qəza nəticəsində 14 nəfər müxtəlif rütbəli DSX zabiti, o cümlədən iki polkovnik həlak olub. 

Baş Prokurorluğun hadisənin istintaqıyla bağlı məlumatında deyilir ki, qəzaya pilotların səhvi – eniş zamanı küləyin istiqaməti və sürətininin nəzərə alınmaması səbəb olub.

Partiya sədri yanvarın 7-də keçirilən məhkəmə prosesdə haqqındakı iddia ərizələrinin məhkəmə baxışına verilməsinə etiraz edib. 

Əli Əliyev bildirib ki, siyasətçi olaraq, vertolyot qəzasını şərh edəndə öz düşüncə və gümanlarını bölüşüb. Hazırda ona qarşı iddia qaldırmış xüsusi ittihamçıların heç birinin adını çəkməyib. Onları tanımır və heç bir qərəzi də yoxdur.

Partiya sədrinin sözlərinə görə, insanın düşüncəsinə görə cinayət təqibinə məruz qalması istər ölkə Konstitusiyası və yerli qanunlar, istərsə də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla təminat verilən söz və ifadə azadlığına ziddir.

Əli Əliyev vurğulayıb ki, onun çıxışıyla bağlı məhkəməyə təqdim olunan sübut obyektiv deyil. Onun sözlərinə görə, çıxışının bir hissəsi kəsilərək, montaj olunmuş şəkildə məhkəməyə təqdim olunub.(Meydan TV)