Əli Həsənova açıq məktub yazan jurnalist saxlanıldı – VİDEO

Əli Həsənova açıq məktub yazan jurnalist saxlanıldı – VİDEO

26-10-2018 18:25 / Bu xəbər 2426 dəfə oxundu

Realliq.info mediaportalının rəhbəri İkram Rəhimov oktyabrın 26-da mülki geyimli şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb.

Bu barədə "Turan" agentliyi məlumat yayıb.

Bundan əvvəl o, Turan Agentliyinə gələrkən avtomobilinin Masazır qəsəbəsində naməlum şəxslər tərəfindən təqib olunduğunu bildirib.

Bu, oktyabrın 26-da Bakı vaxtı ilə 14:41-də baş verib. "Onlardan qopmağa çalışıram, amma alınmır”, - deyə o telefonla bildirib.

Sonradan Rəhimov onu təqib edənlərdən qurtula bildiyini və Turan agentliyinin ofisinə tərəf gəldiyini bildirib.

Ofisə gələn Rəhimov Turan-ın direktoru Mehman Əliyevə bildirib ki, onun avtomobili Əskürü restoranı yaxınlığında yolda naməlum şəxslər tərəfindən mühasirəyə alınıb, amma o, onu təqib edən şəxslərdən qurtula bilib. 

Onun sözlərinə görə, onlar dörd nəfər idilər.

Rəhimov bildirib ki, Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzinə” zəng edib, hadisə haqqında məlumat verib.

İkram Rəhimov deyib ki, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisinin ünvanına tənqid yer alan açıq məktub dərc etdiyinə görə təqib edilir.


"Hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindəyəm”, - deyə Rəhimov bildirib və agentliyin ofisindən çıxıb.

 Amma çıxışda Süleyman Rəhimov küçəsində jurnalist mülki geyimli şəxslər tərəfindən saxlanılıb və avtomobilə oturdularaq aparılıb.

"Turan" agentliyi jurnalistin saxlanılmasınə əks etdirən veido da yayıb.

Rəsmi qurumlar jurnalistin saxlanılmasının səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.