Əli Həsənovun ailəsinə məxsus 6 şirkət ləğv olundu

Əli Həsənovun ailəsinə məxsus 6 şirkət ləğv olundu

13-01-2021 13:45 / Bu xəbər 582 dəfə oxundu

Yanvarın 13-də Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun ailəsinə məxsus olduğu deyilən 6 şirkətinin könüllü ləğv edildiyi elan edilib.

Bu barədə Dövlət Vergi Xidmətinin "Vergiler” onlayn qəzetində elan verilib.

Qəzetdə ləğv edilən şirkətlərin siyahısı da dərc edilib.

Şirkətlərin adları "Bakı 24”, "Kaspi AZ”, "Mətbuat Evi”, "Golden Prince”, "Global Advertisment” MMC-lər və "Kaspi Co” MTK-dır.

Noyabrın 29-da dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının yeni strukturu təsdiq olunub.

Bildirilib ki, Prezident Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb, prezidentin yeni köməkçiləri və administrasiyanın şöbə müdirləri təyin olunub.

Siyahıda 2015-ci ildən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi və şöbə müdiri Əli Həsənov adı yoxdur.

Prezidentin sərəncamı ilə o, tutduğu vəzifədən azad olunub.

Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib.

2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub.