Əli Həsənovun nəvəsinə məxsus ''Gelandewagen'' yanıb? - Qəzada ölənlərin adları açıqlandı

Əli Həsənovun nəvəsinə məxsus ''Gelandewagen'' yanıb? - Qəzada ölənlərin adları açıqlandı

04-08-2017 15:57 / Bu xəbər 2945 dəfə oxundu

Hadisə ilə bağlı cinayət işi açılıb

Avqustun 3-ü gecə paytaxtın Heydər Əliyev prospektində baş verən qəzada ölən və yaralananların adları açıqlanıb.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, "Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüb. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş vermiş qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Avqustun 3-də axşam saatlarında Bakının Heydər Əliyev prospektində avtomobil qəzası baş verib.

İlkin məlumata görə, "Mercedes Gelandewagen” markalı avtomobil başqa bir maşınla ötüşərkən paytaxtın Heydər Əliyev prospektində bir piyadanı vurub. Sonra idarəetməni itirib və "VAZ 21015” markalı avtomobilə arxadan çırpılıb.

Daha sonra "Mercedes Gelandewagen” yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb.

Meydan.tv xəbər verir ki, qəzaya uğrayan "10-PP-203” dövlət qeydiyyat nişanlı "Mercedes Galendevagen” avtomobili Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsusdur. Nail Allahverdiyevin qəzada yaralanması təkzib olunsa da, yanan maşının ona məxsus olduğu bilidirilir.